İSMAYIL İMANZADƏ - DEYƏSƏN ZALIMIN AXIRI VARMIŞ ...

Ədəbiyyat 09:10 / 08.10.2025 Baxış sayı: 6744

 

Zəmanə elə hey öz gərdişində,

Bəxtimiz kiminsə qanlı dişində.

Sonu görünməyən müşkil işin də,

Hardasa bir gizli “cığırı” varmış!

 

Dünya toy-bayrammış ağıldan kəmə,

Sızlaya-sızlaya öyrəşdik qəmə...

Üzünü görəndə bildik ... heç demə,

Dərdin də yüngülü, ağırı varmış!

 

Yalana züy tutar məddah gədələr,

Məzlumu susdurar qorxunc hədələr...

Deyəsən yanılıb müdrik dədələr,

“Xəmir yeyən”in də fağırı varmış!

 

Haqq öz yerin tapır ya tez, ya da gec,

Səmtini dəyişən deyil ağır köç...

Yəqin ki bu qədər üzülməzdik heç,

Bilsəydik zalımın axırı varmış!..

06.10.2023