İslam Türkay - UNUDACAĞAM...
Səni unutmağım çox çətindi...çox...
Demə elə-belə unudacağam.
Bu elə bəladır—bir çarəsi yox,
Ömrü verib yelə,unudacağam..
Düşərsən yarama açı duz kimi,
Yanıb- yaxılaram... mən susuz kimi...
Əriyib gedərəm salxım buz kimi,
Səni gilə-gilə unudacağam...
Bil ki ,yollarımda gözün qalacaq,
Ruhumda ləpirin –izin qalacaq,
Bilirəm unutmaq çətin olacaq,
Səni ölə-ölə unudacağam..
Yanıb ,mən bu eşqin külü olacam,
Bir yetim fəryadın zili olacam...
Ağlımı itirib dəli olacam--
Səni gülə-gülə unudacağam...
Bir eşq məzarlığı olubdu içim,
Öldü sevmək eşqim,sevilmək eşqim...
Yatmaz ürəyimə bir daha heç kim,
Bunu bilə- bilə unudacağam..'