İlqar Türkoğlu - Nə qədər sevgi var, nə qədər istək,

Ədəbiyyat 14:09 / 23.05.2026 Baxış sayı: 393

Nə qədər sevgi var, nə qədər istək,

Köksümə sığmayan ”öz”ün içində.

Qəlbi soyuqlara yenə körpü çək,

Donmasın alovun, közün içində.

Söz var ki, ucaldar, söz var endirər,

Üz var ki, qaraldar, üz var dindirər,

Göz var çıraq olar, göz var söndürər,

Od tutub yanıram buzun içində.

Ülvi duyğuların günahı olmaz,

Soyuq ürəklərin pənahı olmaz,

Günəşdən qaçanın sabahı olmaz,

Diriykən yaşayar bezin içində.

Nə çoxdu dünyanın yeyib-sökəni,

Haqqına çatmadı boyun bükəni.

Bölməyə çalışdım bircə tikəni,

“Əyri”nin içində,”düz”ün içində.

Könlümün gözləri toxdu, a dostum,

Artıq iki söz də çoxdu, a dostum,

Dilindən çıxıbsa oxdu, a dostum,

Sahib ol sözünə sözün içində