Ay  Bəniz Əliyar - İSTƏSƏN OLURMUŞ

Ədəbiyyat 18:20 / 23.05.2026 Baxış sayı: 169

 

İstəsən olurmuş istədiklərin,

Yola "dur" deyirsən, yağışa "dayan".

Qəlbin gözü gülür, zərgərin zəri,

Gülə "sev" deyirsən, naxışa "boyan".

 

İstəsən olurmuş istədiklərin,

Ayrılıq oyunu bitir heç-heçə.

Gözündə isinir bir görüş yeri,

Könlünü fəth edir Aylı bir gecə.

 

İstəsən olurmuş istədiklərin,

"Bəlkələr, keşkələr..." bir bəhanədir.

Çıxarıb qəlbindən hər dərdi-səri,

Bir dəli rüzgara atırsan, gedir.

 

İstəsən olurmuş istədiklərin,

Özünə "bunu da boş ver" deyirsən.

Gözünün aynasın çırpırsan yerə,

Qəlbinin qapısın kilidləyirsən.