İ N D İ - yazdı  Firuz Mustafa

YAZARLAR 09:26 / 28.08.2025 Baxış sayı: 1813

 

* İndi ürəkdən gələn gülüş də nadir tapılan aksessuralardan birinə çevrilib.

* İndi hamı oxuyur. Yox, söhbət kitabdan getmir.

* İndi ən böyük təhlükə həqiqəti bilmək, ən böyük risq isə onu söyləməkdir.

* İndi insanların əksəriyyətini bir-birinə yaxınlaşdıran başlıca vasitə puldur. Elə insanları bir-birindən uzaqlaşdıran da odur.

* İndi işıldaböcəklərdən “ulduz” düzəltmək bir dəb halını alıb.

* İndi ədəbiyyatın ən məhsuldar çağıdır. Səbəb isə sadədir: özü əsər yazanları özünə əsər yazdıranlar əvəz etməkdədir.

* İndi rahat ölə bilərdi: ətrafında vuruşmaq üçün kimsə qalmamışdı.

* İndi də nəvəsi üçün dissеrtаsiyа yаzdırır. Bir vaxtlar bu işi onunçün babası etmişdi.

* İndi tarixi təftiş etmək, onda səhv axtarmaq, onu ittiham etmək bir dəbə çevrilib. Tarixi təftiş etməzlər, onu təhlil edər və ya ondan öyrənərlər. Amma tarixin insanları təftiş etmək imtiyazı var.

* İndi siyasətçilərin bir çoxu kütlə qarşısında foksçu, janqlyor və gözbağlayıcı qiyafəsində bulunur. Hətta, telekanallarda təlxək rolunda çıxış edən keçmiş politikanlar da var.

* İndi sayıqlamalar vəhy kimi qəbul olunur. O “vəhyləri” dinləyənlər var ki, onu danışanlar da var. Bunun isə səbəblər çoxdur. Amma bu “vəhy”- sayıqlamalarda geni dəyişdirilmiş armudların rolu daha böyükdür.

* İndi az qala həyatın bütün sahələrində (siyasətdə də, ədəbiyyatda da, məişətdə də) tərbiyəsizlik edənlərin sayı kifayət qədər artıb. Hətta, çoxları bu cür “keyfiyyətləri” az qala cəsarət əlaməti kimi qələmə verməyə çalışır. Əslində isə belə tərbiyəsizliyin elə bir adı var: tərbiyəsizlik.

* İndi ədəbi-mədəni mogikanlar çox azdır. Nəhəngləri itirə-itirə gedirik... Ortada ədəbi-mədəni ağcaqanadlar, ədəbi-mədəni keçilər, ədəbi-mədəni qoyunlar, ədəbi-mədəni qulbeçələr, ədəbi –mədəni əqrəblər, ədəbi –mədəni maygülülər daha çoxdur... Hələ ədəbi-mədəni kenquriləri demirəm... (Kiminsə qucağında, “torbasında” ədəbiyyata və mədəniyyətə gələnləri nəzərdə tuturam)... İndi az qala bütün sahələrdə bu cür “qəhrəmanlar” var...

* İndiyəcən nə üçün pulum оlmаyıb? Ахır ki, uzun illərdən bəri məni düüşündərən bu suаlа elə sualla da cаvаb tаpа bildim: ахı, sənin ümumiyyətlə pul qаzаnmаğа həvəsin və cəhdim оlubmu?..

* İndiki zərflər kiməsə məktub yazıb göndərmək üçün deyil ki. Diqqətlə baxsanız görərsiniz ki, indiki “zərflər” pul eskinasları ölçüsündə olur.

(Bu deyimlərin əksəriyyəti mənin əsərlərimdəki (xüsusən, pyeslərimdəki) personajların replikalarıdır)

F.M.

"Buz üstə yazılmış sətirlər" kitabından