Gülnar Ümid : - Səndən başqa nə küçə var, nə şəhər...

Ədəbiyyat 13:48 / 19.04.2024 Baxış sayı: 668

 

Səndən başqa nə küçə var, nə şəhər,

Gözlərindən boylanıram özümə.

Külək örtür kirpiklərin qapısın,

Yol azmışam, yad gəlirəm gözümə.

 

Yoxluğunda susqunluğum yoğrulur,

Sən olmayan sevgim, ölü doğulur,

Bu nə hissdi düyünlənir, boğulur,

Danışmağa dil tapmıram sözümə.

 

Daha yaşım o yaş deyil, mən də mən,

Baxışın da baxış deyil, sən də sən,

Keçmiş ilə tanış deyil, saçda dən,

Axı niyə tab gəzirəm dözümə?

 

Yalan kəlmən doğrulara dönə də,

Lal gedişin gəlişinlə dinə də,

Sonda ölən ümid olsan, yenə də,

Göz yaşımdan çilənirəm közümə.

(17.04.2022)