Adil Misirli : -   Xeyirxah insan

YAZARLAR 10:54 / 29.04.2024 Baxış sayı: 2072

                        

İnsan! Bu ad həqiqətən də qürurla səslənir. Yəni yaşayan insan vicdanının səsinə qulaq asaraq ömrü şərəf və ləyaqətlə yaşayır. Həmişə haqqın, ədalətin keşiyində sayıq durur. Və birdə xeyirxah əməllər sahibi olur insan. Belə olanda ömür, həyat da mənalı olur. İnsan adının dərindən səsləndiyinə dərindən inanır, sən də bu adı daşıdığına görə xoş hisslər, duyğular keçirirsən...

Hacı Məhərrəm Abbas oğlu Şirinov 1956-cı ilin oktyabrında Ağcabədi rayonunun Taynaq kəndində dünyaya göz açıb. Atası dindar olub. Özü dediyi kimi, gözünü dünyaya açandan namaz səsi başının üstündə olub. Onun əxlaq və mənəviyyatının formalaşıb yetkin, müstəqil bir insan kimi yetişməsində atası, din adamı, əliaçıq, xeyirxah insan olan Abbas kişinin böyük əməyi olub. O, atasının xoşməramlı həyat tərzindən çox şeylər götürüb və qavrayıb. Həmişə, hər zaman atasının yolunun davamçısı olan Hacı Məhərrəm artıq, çoxdan Qarabağda təvazökar, təmiz insan, ağsaqqal kimi ad çıxarıb. O, uzun müddət 11 saylı Ağcabədi Yol Tikinti İdarəsində baş mühəndis işləyib. Yollar çəkib, körpülər salıb ki, insanlar bir biri ilə sıx ünsiyyətdə olub firavan yaşaya bilsinlər.

    Təbiət etibarı ilə təvazölü olan Hacı Məhərrəm özü, gördüyü işlər barəsində danışmağı sevmir. Amma buralarda hamı yaxşı bilir ki, 44 günlük müharibə zamanı şəhid olan həmvətənlərimizin dəfnində, yas mərasimlərində o, necə yaxından iştirak edib. Şəhid ailələrinin söykəyinə girib, onlara həmişə mənəvi və maddi yardım göstərib. Və eyni zamanda Hacı Məhərrəm bu ərazininyaxınlığında vuruşan hərbi texnikanın tez bir zamanda təmir olunmasında və ehtiyat hissələri ilə təmin olunmasında əlindən gələni edib. Hazırda sahibkar kimi fəaliyyət göztərən Hacı Məhərrəm kimsəsizlərə, ehtiyacı olanlara müntəzəm olaraq yardımlar göstərir və bu yolda əlindən gələni əsirgəmir.

    Hacı ilə xeyli yaxından söhbət edib, dərdləşdik. O, söhbət zamanı dedi ki, zəmanə çox dolaşıqlaşıb. Əvvəlcə biz deyərdik ki, yalan ayaq tutar, yeriməz. İndi isə, yerimək nədir, hər tərəfdə yalan elə sürətlə qaçır ki, ona heç yaxın düşə bilmirsən. Dünya da o boyda əhalisi olmasına baxmayaraq elə bil boşdur. Həyat sönükləşib və az qala əsil mənasını itirib. Mənəvi dəyərlər göz görə-görə öz dəyərindən uzaq düşüb. Bir az dərindən düşünəndə heç bilmirsən ki, nəyi yaşayırsan və artıq yaşamağa dəyərmi?!

   ...Üç oğul, 7 nəvəsi olan Hacı Məhərrəm övladlarını əsil köhnə kişi kimi tərbiyə edib, böyüdüb. Onlar da atalarının bir sözünü iki etmir, ətrafdakı adamlara hörmət və izzətlə yanaşırlar. Ataları Hacı Məhərrəm kimi hamının qolundan tutur, səsinə səs verirlər. Yəni, özləri üçün yox, ilk növbədə başqaları üçün yaşayırlar. Çalışırlar ki, həyatda ataları kimi hər zaman insan adını uca tutub, başqalarına yaxın, dost olub, imdadına yetə, kömək əlini uzada bilsinlər.