Ülkər Nicatlı :  - Yuxusu üşüyən körpə ; Anama məktub

Ədəbiyyat 08:26 / 01.05.2024 Baxış sayı: 1300

Yuxusu üşüyən körpə

 

Yurd uğrunda şəhid olub atası,

Bu körpənin yuxusuna qar yağır.

Açılmayan dili üstə,ilahi,

<> sözün qoxusuna qar yağır.

 

Vətən qədər tarixi var,yaşı var,

Bax üstündə uyuduğu mundirin.

Başqa dili anlamaz o, bilməz o,

Bu körpəni yurd dilində dindirin.

 

Böyüdükcə böyüyəcək dərdi də,

Ürəyindən ağrı acı yığışmaz.

Öz ömründən asar ata şəklini,

Şəhid adı çərçivəyə sığışmaz.

 

Ta oxşamaz bu körpənin boyunu,

Döyüşdədir atasının qolları.

Bu körpənim xatirinə yol gəlir,

Uzaqlardan qələbənin yolları.

 

 

Anama məktub

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Qayğılı qəlbinə qurbanam,ana.

Dünyanın ən böyük müqəddəsliyi,

"İncil"im, "Törat"ım, "Quran"ım, ana.

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Yastığım bələnib sənin ətrinə.

Yenə də səpilir layla qoxusu,

Ömür kitabının hər bir sətrinə.

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Ömrü çiçəkləyib yuxularımın.

Sənin gəlişinlə həyat qapısı,

Bağlanıb üzünə qorxularımın.

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Köz düşüb üstünə xatirələrin,

Yuxunu yorğan tek çəkir üstümə,

Sənin nəvazişli kövrək əllərin.