Kəmaləddin  Qədim : - ADAMSIZ EVLƏRİN TANRISI ÇATMIR...

Ədəbiyyat 21:43 / 30.04.2024 Baxış sayı: 1361

 

Sən adlı yiyəsi ölüb bu evin,

Bu evin sən adlı varisi çatmır.

Yarısı daş-kəsək olub bu evin,

Yarısı sən idin...yarısı çatmır...

 

Ha dindir, danışdır, sözü yox belə,

Ocaq elə sönüb, közü yox belə.

Heç səni görməyə gözü yox belə,

Üzünə tutmağa barısı çatmır...

 

Bir az da dayanıb, bəkliyib burda,

Nə imiş, anla da təkliyi burda...

Bitib bildirçinin bəyliyi burda,

Sovrulub, çöllərin darısı çatmır...

 

Qalıb ümidinə necə, qonşunun,

bu həyət, bu qapı-baca, qonşunun...

Oğlu var, qızı var qoca qonşunun,

Bir ömür havası-qarısı çatmır...

 

Hələ məhlənin o qar qız uşağı,

Evin bircəciyi, yalqız uşağı.

Hələ uşaq qalıb o qız uşağı,

Tək bircə ağzının sarısı çatmır...

 

Adamı bir incik baxışı tutur,

Tutur qar-boranı, yağışı tutur.

Adamsız evlərin qarğışı tutur,

Adamsız evlərin Tanrısı çatmır...