Ayaz Arabaçı : - Məni səndən gözəl duyan tapılmaz...

Ədəbiyyat 10:12 / 30.04.2024 Baxış sayı: 3209

 

dur bir az əl tərpət, yır-yığış elə,

qəlbimi toz basıb, yaman pintisən.

kimə toxutmusan bu gözəl toru,

hansı mühəndisin labirintisən.

 

bilmirəm hansını necə eləyim,

bir əldə məhəbbət, bir əldə təzad.

şüurlu şəkildə dəli oluram,

bu nə duyğulardı dəlisov-azad..

 

üzümə açdığın məhəbbət kisən,

könlümü riqqətə gətirə bilər.

məni şairlikdən min dəfə də çox,

bu mövzu diqqətə gətirə bilər.

 

balaca, əl boyda bir telefonda,

səsin min amperlik həyəcan verib.

o hansı rəssamdı cürətə gəlib,

sənə nəfəs verib, sənə can verib.

 

məni səndən gözəl duyan tapılmaz,

ruhuna ruhumdan nəğmə əmizdir.

səhərlər nə qədər işıqlı-nurlu,

axşamlar nə qədər heyrətamizdir.

 

bir gözəl aynada əksimi tapdım.

yaşımı əllidən geri sayırsan.

küllükdən tapılmış zümrüd qaş kimi,

ömrümü təzədən cilalayırsan.