Afiq Muxtaroğlu : - Bilirəm bu dünya dar gəlir sənə...

Ədəbiyyat 20:24 / 15.05.2024 Baxış sayı: 4009

İtiyi itmişə dönübsən, xanım,

Bilirəm bu dünya dar gəlir sənə;

Bilirəm hicranın məngənəsində,

Sıxılmaq, boğulmaq ar gəlir sənə.

 

Divarların nədi düşmənliyi ki,

Yeriyir üstünə dörd yandan belə?

Tavan da bir yağı kəsilib bu gün,

Nə yaman çıxıbdı vicdandan belə?

 

Gözü yerdə qalıb çəngəl-bıçağın,

Qab-qacaq nədənsə sözünə baxmır.

Küsübmü evdəki güzgülər bu gün?

Başını qaldırıb üzünə baxmır.

 

Niyə qan eləyir qaşın-qabağın,

Dəryada batmayıb hələ ki gəmin?

Başınmı qarışdı, yeməyin ötdü,

Qaynayıb dağıldı çaynikdə dəmin?

 

Nə yerə sığırsan, nə göyə bu gün,

Ocağı söndürmək yadından çıxır.

...Bilirəm, bilirəm hicran andırı,

Adamın canını sıxdıqca sıxır...

4 may 2024-cü il