Gülnar Ümid : - Pəncərəmdə bax görürsən quşcığazı,

Ədəbiyyat 10:50 / 15.07.2025 Baxış sayı: 1479

Pəncərəmdə bax görürsən quşcığazı,

necə tir-tir əsir?

Sən də gəl mənimlə ona həmdəm olaq,

Darıxmaqdan ikimizin səbri əsir.

Gecə ayağımı boğur ,

barmağımın ucunacan darıxıram...

Tavanda gözüm doğulur,

yerdə ayaq açanacan darıxıram...

Qapımı səssizlik döyür,

səssizliyə susanacan darıxıram...

Çarpayım özünü öyür,

ona qucaq açanacan darıxıram...

Heç bilirsən necə olur darıxmaq?

Dilimdə qanayır adın,

Sənsizliyin yaraları qabıq-qabıq soyulur.

Zaman məlhəm ola bilmir!

Yaraya vüsal əvəzi həsrət sarğısı qoyulur.

Belə olur bax darıxmaq...

Ürəyim kiçik daş olur,dəyib özümə qayıdır.

İnanmaqdan keçib artıq

ümid üzümə qayıdır...