Ehtiram İlham - SARI
Sevinc görməmişəm ha, adını eşitmişdim,
Yol alıb yürüyürəm dərdə-zülümə sarı.
Yüz çiçək becərmişdim, tək bircə ləçəyindən
Rahiyəsi çataydı solan gülümə sarı.
Bu vücudum ağrıdan əzim-əzim əzildi,
Düzlərimiz düzlənib, düzüm-düzüm düzüldü.
Ya bir göz qırpımıdı, ya,da ki, əlli ildi
Bu pəzəvəng ömürdən göyçək ölümə sarı.
Nə oldusa, haqq oldu Ehtiramın səbrinə,
Hələ dözüb durursa bu fələyin cəbrinə.
Yandırıb hər misramı, səpərsiniz qəbrinə,
Sürünsün kəlmə-kəlmə yanan külümə sarı.