Adilə Nəzər- Vay səni, qaranlıq dərd

Ədəbiyyat 20:00 / 12.03.2026 Baxış sayı: 134

Vay səni, qaranlıq dərd,

Sızladır, bezdirirsən.

Səni gizlətmək olmur –

Tutubsan ayağımdan

Sürüyüb gəzdirirsən.

Nə gündüzüm xoş keçir,

nə rahatdır axşamım,

aylardı yapışmısan –

burax artıq yaxamı.

Nə sən məni görürsən,

nə mən səni görürəm.

Dabanda gizlənibsən,

onçün kələ-kötürəm.

Vay səni, qaranlıq dərd,

gəmirirsən ruhumu,

Nə zamandır alıbsan

əllərimdən yuxumu.

İşləyirsən qanıma,

haradan, niyə gəldin?

Bu kimsəsiz canıma,

bəlkə də yiyə gəldin...

12.03.2026