Əşrəf Veysəlli - DƏNİZ
Evimin daşına baş qoyur dəniz,
Hər gecə dənizdə yuyunuram mən.
Hər gecə köksümdə uyuyur dəniz,
Misra dalğaları keçir sinəmdən.
Yaxası çevrilir bir şum yerinə,
Qalxır, şahə qalxır, təmizləşir o.
Dönür dalğaların hücum yerinə,
Sonra sakitləşir,- dənizləşir o.
Qoynunda çimməyə gecə ay gəlir,
Məxmər sularında yatır dənizin.
Gah dibi üzünə qalxır elə bil,
Gah üzü dibinə batır dənizin.
Qıy vurub hay salan qağayı kimi
Könlümdən, gözümdən ilk bahar keçir.
Dəlğaları biçən o qayıq kimi
Köksümün altından misralar keçir.
Sanki sevincindən qol açıb uçan
Bir mavi, bir sonsuz nəğmədir dəniz.
Gah üzü qırışmış nurlu bir qoca,
Gah da mışıldayan körpədir dəniz.
2000- ci il.