Emin Piri - Puşkinlə Yesenin arasında
Kəsilən günləri üst-üstə gəlsək,
Ömrümün neçənci ili eləyir?!
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
"Saxla" işarəsin verir polislər,
Yenə düz keçməyib küçəni külək?!
Cibindən saralmış yarpaqlar çıxır,
Çəkir qorxusundan içini külək.
İçinə çəkilib, yığılıb sular
Daha hava udmaq da havayı deyil.
Deşilib gedibdi dənizin dibi,
Üzün dimdikləyən qağayı deyil!
Hələ də arzular dumana düşüb
Yenə də ümidlər bir yol axtarır.
Bu tənha adamlar, bu tək adamlar
Qoluna girməyə bir qol axtarır.
Yolları palçığa batmış o kəndin
Baca tüstüsünə isinir bulud.
Təndirdə küt gedib bir kündə sevgi,-
Bir azdan başlayar işini bulud.
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
Kəsilən günləri üst-üstə gəlsək,
Ömrümün neçənci ili eləyir?!