Elşən Əzim - TAMADA OLMAYANLAR ÜÇÜN TOST

Ədəbiyyat 12:49 / 12.08.2025 Baxış sayı: 2066

 

Mən içmirəm bu badəni

İlin, günün sağlığına.

İçirəm qeybdən gələn

Səsin, ünün sağlığına.

 

Bulud gəlir göy üzünə

Niqab tutur hey üzünə.

Həsrətin quzey üzünə,

Düşən günün sağlığına.

 

Quzeyə başqa gün düşür

Baxışları süzgün düşür.

Getdiyim yol düyün düşür,

O düyünün sağlığına.

 

Biri dönüb haqdan ölüb,

Birisi nahaqdan ölüb.

Qalan, ruhun çoxdan ölüb

Ölən, sənin sağlığına.