Elşən Əzim - Düzəldirik...
Hələ kor olmağın faydası çoxdur,
Hələ göz çıxarıb qaş düzəldirik.
Cansız bir qayadan adam yonuruq,
Canlını qurudub daş düzəldirik.
Bu qara günləri şən keçirsək də,
Başa şeytan çəkib, cin keçirsək də,
Aldana-aldana gün keçirsək də-
Aldada-aldada iş düzəldirik.
Düşübdü bu fürsət, çəm əlimizə,
Dolaşsa neyniyər qəm əlimizə?
Zaman "iki" verir əməlimizə,
Kəsib quyruğunu "beş" düzəldirik.