Atzu Əsəd - Dinlərin mahiyyətini öyrənəndə...

YAZARLAR 18:36 / 22.02.2026 Baxış sayı: 267

Müsəlman olub-olmamaq, namaz qılıb-qılmamaq, oruc tutub-tutmamaq hər insanın öz şəxsi işidir. İslama tabe olmaq da, onu tənqid etmək də müasir dövrdə insan haqları çərçivəsində azaddır. Dindən tarix boyu hakimiyyət, istismar naminə, cəhalət, xurafat mənbəyi kimi sui-istifadələri mütərəqqi şəxsiyyətlər öz canlarının bahasına tənqid və ifşa ediblər. Amma bütün bunlar Quranın insanlığın təfəkküründə sonsuz həqiqətlərə yol açan bir kəşf olduğunu zərrə qədər də inkar etməyə qadir deyil.

Dinlərin mahiyyətini öyrənəndə hər birinin Yaradan haqqında anlayışlarının fərqli şəkildə şərh olunduğunu görərik. Quranın həqiqətin ifadə edilməsində əsas rolu odur ki, o, insan təfəkkürü qarşısında Allahın 99 adını, xüsusiyyətini açıb və bu xüsusiyyətlərə malik olmaq, onları əks etdirmək üçün ruhun təmizlənməsi və təmərküzləşməsində aydın yol göstərib.

Allahı bilməyin sadəcə nəzəri bir məsələ olmadığını, bunun üçün Allahın xüsusiyyətlərinin yaşanmasının vacib olduğunu göstərib. Anlamaq lazımdır ki, kökündə, əsasında bu ölməz təlim olmasa idi, İslam 1500 ilə yaxın bir müddətə qədər davam və inkişaf edə bilməzdi. Nə inkişaf edirsə, o öz daxilində daşıdığı həqiqətə görə inkişaf edir. Bəli, induizm də var idi, buddizm də, Platon da, Xristian təlimi də, lakin Yaradanın xüsusiyyətlərini və vəhdət fəlsəfəsini belə sistemli, aşkar ortaya qoyan təlim yox idi və yoxdur.

Bu böyük təlimin həqiqiliyini min il ərzində minlərlə təsəvvüf əhli öz varlıqlarını həqiqətin fərdi laborotoriyasına çevirərək Quranın əmrlərini ən titiz şəkildə yaşamaqla təcrübi olaraq öz həyatlarının timsalında sübut ediblər. Tarixdə ilk mərhələ olaraq şəriətdən, yəni Quran əmrlərini yerinə yetrməkdən keçməyən bir təriqət, mərifət, həqiqət əhlinə rast gəlmək olmaz. Bu gün Allahı hər şeydə, hər yerdə görən, özünü deist adlandıranlar da, əslində, Quranın insanlığa sistemli olaraq bəxş etdiyi Allahın xüsusiyyətlərini sadəcə dini qabığından çıxaraq anlayır və təlim edirlər.

Bunun açarını bəşəriyyətə Quran verib. Bəyənib-bəyənməmək hər kəsin öz işidir. Mən də dindar deyiləm. Amma Quran həqiqətlərini inkar edəcək qədər kar, kor, abdal olmağı da özümə rəva görmürəm. Zahirən dindar olub səmimi olmayanların, əməlsiz, allahsız olanların da bu həqiqətlərdən bir nəsib ala bilmədiklərini də qəlbin gözü ilə çox rahat görmək olar. Məsləhət budur ki, insanlığın böyük təlimlərinə, o cümlədən, İslam fəlsəfəsi və teologiyasına cılılz, səthi şəkildə yanaşmayaq, ucuz millətçilik, dayaz elm təəssübkeşliyi etməyək. Verilən bu əvəzsiz nemətə naşükürlük etməyək.

Dönüb su içdiyimiz quyuya tüpürməyək.