Elşən Əzim - DARIXAN SÖZLƏR PANSİONATI
Axı açıq idi səmanın üzü,
Bu leysan de hansı buluddan yağdı?
Axı aramızdan su da keçmirdi,
Bu sel hardan gəlib aradan axdı?
Cavabsız qalıbdır yazdığım "salam "
Telefon ekranının səhralığında.
Bəzən söz də sözə möhtac olarmış,
Cavabsız suallar tanhalığında.
Söz də tənha qalır adamlar kimi,
Cavab gəlmədisə, söz də darıxır.
Vatsapda, kağızda, qələmdə, dildə,
Dodaqda, ürəkdə, gözdə darıxır.
Darıxan sözlərin pansionatı
Sözlərin qocalar evidir bəlkə.
Bəlkə də sözlərin dəlixanası,
Bəlkə də sözlərin ölüxanası,
Bəlkə də, bəlkə də, bəlkə də, bəlkə...