Əlizadə Nuri :- Göyə çöp daşıyan bir quşam, ana...
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün...
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana...
Görünsün göy üzü -baxım bu gecə,
O axan ulduzla axım bu gecə...
Özümü tutacaq ahım bu gecə-
Bu gecə özümə qarğışam, ana.
Bu ipi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib...
Xaraba salana xəbər eyləyin-
Mən o xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür- sap imiş...
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..