Əbülfət Mədətoğlu : - Dünyada olubmu, ya olacaqmı?!,

Məni sevənlərin adın bilmədim,
Yaxının, uzağın, yadın bilmədim...
Mən sənə bərabər Qadın, bilmədim -
Dünyada olubmu, ya olacaqmı?!,
Ömrün xırmanında vəl işləmədi,
Qırıldı qol, qanad - əl , işləmədi!..
Mənim yaşamağım bir gəlişmədi -
Dünyada olubmu, ya olacaqmı?!.
Səhərə çatınca gecəni qovdum,
Yanımdan, yolumdan keçəni qovdum...
Bilmirəm mən nəyi, neçəni qovdum -
Dünyada olubmu, ya olacaqmı?!.
Qədir axşamında, niyyət anında
Allaha və Sənə biət anında...
Bax gör, bu Əbülfət Sənin yanında -
Dünyanda olubmu, ya olacaqmı?!.