Faiq Balabəyli : - MƏN ELƏ BİLİRDİM Kİ…

Ədəbiyyat 08:56 / 18.05.2024 Baxış sayı: 2248

 

Mən elə bilirdim ki, biz hamıdan güclüyük,

hamı bizdən zəifdi.

Sonralar gördüm ki, yoox,

çölümüz sərt olsa da

içimiz çox zərifdi…

 

…Atamın boğazı kilidlənmişdi,

danışmağa da ərinidi -

yemək qalsın bir tərəfə,

gözləri ölüm ayağında da

yaşamaq üçün “ölürdü”,-

boylanırdı hər tərəfə.

Həyətimizdəki heyva ağacının

altındakı çarpayıda uzanmışdı

 

Ağacın sıx yarpaqları günəş işığından gizlədə bilmirdi onu.

İşin tərsliyindən

həmən ilin yazı

o qədər xoş gəlmişdi ki…

Kəndimizdə

quşların civiltisi, güllərin açışı,

həyət boyu

cücələrin yem dalıyca qaçışı…

 

Atamın bu gözəllikdən doymayan baxışı

günəşin heyva ağacının yarpaqları arasından süzlülən işığı…

Anam - yazıq anam, -

atamı atasından çox istəyən anam…

Nələr çəkmişdin,

nələr çəkdin,

nələr çəkirsən…

 

Hələ də atamın adıyla, sözüylə danışırsan,

düz 35 ildir…

Qardaşlarım, bacılarım,

sevincimiz də qaldı yarım,

qəmimiz də..

 

Dəryalardan keçib gedən gəmimizdə

ömrümüzü daşıdıqca,

anamızın gözündəki o kədəri yaşadıqca

zəifliyin, zərifliyin qəlbimizdən köçdüyünü

sərt günlərin qapımızı döydüyünü

görməmək olmur…