Adilə Nəzər : - AĞI
Elman Tovuza
Bir ağı söylədim dağlara sarı,
Dağlar söylədi ki, ünü çatıbdır.
Sinəsi dağlının dağı böyükdür,
Ayağı bağlının günü batıbdır.
Cənnət köhləninə atlansın, minsin,
Taleyi gülmürdü, bugündən gülsün,
Karvanı Bakıdan Tovuza ensin,
Sarvanı dincəlib, rahatlanıbdır.
Bir ağ gün görmədi oldu-olalı,
Bir ömür yaşadı başı bəlalı,
Soldu cavanlıqdan yaşılı-alı,
Ruhu səmalara qanadlanıbdır.
Vermişdi könlünü sənətə-sözə,
Yaxdı şam ömrünü alova, közə,
Bu ağır itkiyə can necə dözə,
Dərdi başımızı yaman qatıbdır.
Fani dünya... hər nəfəsin qardadır…
Ay Adilə, gələn-getməz hardadır?!
Günəş burda doğar, sabah ordadır...
Ölü bizik, amma Elman yatıbdır.
31.07.2024