Kəramət : - QƏLBİNDƏKİ UŞAĞI ÖLDÜRMƏ ...

YAZARLAR, Gündəm 11:16 / 17.05.2024 Baxış sayı: 2342

 

ÜZÜNDƏKİ NURU,

ÖVLADLARIN QIZINACAĞI OCAĞI SÖNDÜRMƏ

( hər qanadı olan quş qartal deyil)

Kütlənin daşladığı, dışladığı , çarmıxa çəkdiyi, başına kül tökdüyü onun xilasedicisinə çevrilib. Yəni ayaqlar altına aldığı sonralar başının üstündə dayanıb. Paradoksdur, ya tarixin ironiyası.

Ədalətin qələbə çalacağına inanacaq qədər sadəlöhv deyiləm, ancaq əlidaşlı günahkarlar tərəfində dayanmaram, ona çanaq tutmaram mənə pay düşsün deyə, məhrumiyyətlər bahasına imtina edərəm təklif olunan xoş güzərandan, gücüm özümə çatar.. Həyatımda tarazlığı qorumağa çalışaram. Bu balanslı başlanğıc belə özümün özümə ironiyalı gülüşümü bəsləyir.

"Avropaya da neft lazımdır"ı mən də bilirəm sənin qədər., əziz ədəbi məmur. Paskal deyib ki, gücsüz ədalət şikəstdir,-çox tez-tez işlətdiyim təsbitdir. Bütün bunlara baxmayaraq.. Bil, amma Güc, Zor tərəfdə olma. Olarmı ola. Olurmuş, demə...

Heç zaman , tarixən ƏLA bilən şagirdə, tələbəyə 2 qiyməti verilməyib, əksi də olmayıb. amma günümüz ,sadəcə, biabırçılıqdı. Göz həkimi dişini müalicə edir, bioloq kimyadan dərs deyir, hüquqşünas ədəbi qanunları öyrədir və s...Bağrın çatlayırsa da dünəndən çatlasın: "Səndən xahiş eləyən yox ki, bu evdə yaşa , yol açıqdı."

Aşağılığın ən aşağısını, ləyaqətsizin ən ləyaqətsizini başa çıxarırıq, o-nu cəmiyyətin, övladlarımızın dəniz fənərinə, yol işarəsində yeganə "meyara" çeviririk. Sabah haqqını ala bilməyən övladlarımızın günahı var boynumuzda, bu günün imtiyaz sahiblərinin sabahkı sığortası işə yaramaz. Tərəzinin gözü bu qədər əyilməz. Əvvəllər tərəzi tutan əl cavabdehdi, indi o qədər əyrini yuxarı qaldırıb ki, tərəzi özü pozulub. Adamlar da ithürən tərəfə getməyə öyrəşib. İnanın, 50 ildi (məsələn) özümü danlayıram ki, ağıllı ol, belə danışma. Ancaq nə mən düzəlirəm, nə də sən...

Qoy bunu da deyim, ürəyimdə qalmasın. Getdiyim iki yer var: "Azərbaycan" nəşriyyatı, AYB..başqa hara getməliyəm ki..Nəşriyyatda 5-6 doğrudan jurnalistə, 5-10 cümləqurana rast gələndə sevinirəm, Məmməd İsmayıl demiş "Hələ yaşamağa dəyər bir az da", AYB binasında, üzvlər arasında da eynən...

Nə deyim, Allah bazarınızı versin, işiniz avand olsun.

...quşlar oxuyur..eşidirsənmi? Sənə quşların nəğməsini gətirəcəyəm.