Adil Şirin : - Dərmansız dərdlərə tutular könül,

Ədəbiyyat 09:34 / 15.07.2025 Baxış sayı: 905

Dərmansız dərdlərə tutular könül,

Dost qara bağlayar, fələklər gülər.

Analar ağlayar, oğullar susar,

Oğullar ağlasa analar ölər...

 

Mən naşı deyiləm, naşı deyiləm,

Bu dünya fanidir, ömür girovdu.

Sevgilər, sevdalar şirin röyadı,

Ölüm bir ovçudu, könül bir ovdu.

 

Axşam düşür... Bayraq kimi yellənir,

Pəncərəmin sarı, güllü pərdəsi.

Ürəyimi dəlik-deşik eləyir,

Uçub gedən qərib quşların səsi.

 

Axşam düşür... Könüllər havalanır,

Nəğmələr də kövrəlir ayrılıqda.

Fani dünya şairlərin əyninə,

Ah, Allahım, dar gəlir ayrılıqda...