JURNALİSTİKANIN İRADƏLİ XANIMI

YAZARLAR 09:04 / 15.07.2025 Baxış sayı: 1525

 

AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150

 

 

Ağ geyinən şəhidin anası qara geyməz!

Yayın qızmar çağları idi. Günəş göydən yerə od ələyirdi. Ağacların yarpaqları öləziləşmişdi. Dostum Möhübbət Ağayev məni yolda gözləyirdi. Bir azdan ona qoşulub Günəşli kəndinə yollandıq. Şəhid Vüqar Mövlanovun atası Tumarxan kişi bizi evində gözləyirdi. “Dodo” qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist İradə Məlikova da şəhidin ailəsinə baş çəkməyə gəlmişdi. Görüşüb söhbət etdik. Bu görüş adi görüşlərə bənzəmirdi. Hüznqarışıq təbəssüm, gözlərdən süzülən qəmli baxışlar özünü büruzə verirdi. Şəhid Vüqarın şəklindən boylanan vüqarlı baxışlarından, ondan əmanət qalmış əşyalarından heç cür yayına bilmirdik...

İradə xanım bizə Zəfərimizi, qələbəmizin tamını dadızdıran çoxlu sayda şəhid məzarına, şəhid ailələrinə baş çəkib, ana-bacılara, atalara təskinlik verib, onlara mənəvi dayaq olub, problemlərin həlli üçün səlahiyyət sahiblərini narahat edib. Qəzet və kitablarında şir ürəkli əsgərlərimizi vəsf edən yazılar yazıb. Ən böyük mükafatı isə daxilində tapdığı təskinlik olub.

 

Bu görüş kədərli olsa da, videokameranın, telefonların yaddaşından yayınmadı. Ən yaddaqalan bilirsiniz nə oldu? İradə xanım Məlikova bibisi gəlini olan Bəsti xanıma ürək-dirək verirdi. Sonra səliqə ilə bükdüyü xınayı rəngli kəlağayı açdı, göz yaşı ilə şəhidin anasına: “Bax, bacım, oğlun Vüqardan sənə hədiyyə gətirmişəm. O istəyir ki, daha sən qara bağlamayasan” – deyərək anaya özünəməxsus tərzdə təskinlik, ürək-dirək verdi. Şair Etibar Vəliyevin “Qara yaylıq satmayın” şeirini yana-yana oxudu. Dedi ki, şair lap yerində yazıb: “Ağ geyinən şəhidin, anası qara geyməz”.
– Bəsti ana, sən də qəmini unut, gözlərinə dolmasın bulud! – deyə ananın boynunu qucaqladı. Çox təsirli bir səhnə idi...

 

Bu epizodu niyə xatırladım ? Çünki İradə xanımın jurnalist kimi təcrübəsində belə hallar çox baş verib. Hər bir epizod unudulmaz olub. Yaddaşında möhkəm izlər buraxıb, xatirəyə dönüb.

 

Baba ocağı köməyə gəldi

İradə xanımın 10 yaşı vardı, böyük bacı Sevda isə 14 yaşın içində idi. Sevda kənd kitabxanasında Ağaş əmisindən götürdüyü maraqlı romanları və hekayə kitablarını 1-2 gecəyə oxuyub bitirərdi. İradə ondakı kitaba həvəsinə heyran qalsa da, Sevdaya çata bilmirdi. Mütaliəyə ondakı həvəs İradəni oxumağa, öyrənməyə sövq edirdi. Sevdanın qalın dəftərində yazdığı şeirləri və qeydləri çox xoşuna gələrdi. Bacısına oxşamaq İradənin ürəyindən keçsə də, büruzə vermirdi.

Vaxt gəldi ki, nənəsi Dodoxanım 1978-ci ilin aprel ayının 22-də, 64 yaşında rəhmətə getdi. Nənənin ölümü ailəni xeyli mütəəssir etdi. Bacılar hara addım atırdılarsa, nənənin əl nişanələrini, onun əşyalarını görürdülər, nəfəsini duyurdular, nənəni unuda bilmirdilər. Nənə onların yuxularına işıqlı siması və xeyirxahlığı ilə gəlirdi...

Dodoxanım nənəni kənd qəbiristanlığında torpağa tapşırdılar. Onlar bir neçə gündən sonra Bakıya getməyə hazırlaşdılar. Sevdaya və İradəyə dedilər:
– Siz bizimlə Bakıya gəlirsiniz, yoxsa baba ocağında qalırsınız? – deyə Şirzad ata sözünə davam etdi: – Deyəsən, baba yurdumuz sahibsiz qalar. Bəs nə edək? Mən iş yerimə qayıdıram.

Qızlar isə kənddə çox da təmtəraqlı olmayan evdə qalmağa üstünlük verdilər. 

Əvvəllər çox çətinlik, sıxıntı olsa da, yavaş-yavaş öyrəşirdilər. Həyəti şumlayıb becərdilər, toyuq-cücə saxladılar, meyvə-tərəvəz yığdılar, qışa tədarük gördülər, bir sözlə, yaşamağı bacardılar.

Lakin tale Sevdanı və İradəni ayrı-ayrı qismətə tuş elədi. Sevda Azərbaycan kəndində (indiki Günəşli) qalıb müxtəlif işlərdə çalışdı.

Həyatın yazılmamış qanunları var: biz də o qanunların hökmü ilə yaşayır və ömür sürürük. İradə səkkizilliyi bitirən kimi Azərbaycan Politeknik Texnikumuna daxil oldu və dörd ildən sonra orta ixtisas təhsili aldı. O, gənc mütəxəssis kimi Bakı Məişət Kondisionerləri Zavodunda işləməyə göndərildi. Yeni iş yeri isə “Cənubkəndtəsərrüfatısutəchizatı” layihə institutu oldu. Burada işləməklə bərabər, İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinin tələbəsi oldu. On il Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində işlədi.

Özü də, sözü də işıq – İradəli xanım

 

İradə xanım fitrətən istedadlıdır, şair təblidir, jurnalist qələmlidir, qəlbi təmizdir. Hər bir qonaq ona əzizdir, xeyirxahdır, süfrəsi açıqdır, hamıya can yandırır. Onun həyatı tammetrajlı kinofilmə, qalın bir romana bənzəyir ...Ondakı mehribanlıq, sədaqət, ədalət, vətənsevərlik, yurda bağlılıq, halallıq, səbirli və təmkinli olmaq – sözsüz ki, öyrənilməyə layiqdir.

İradə xanım onu əhatə edən mühitin hiss və həyəcanları, arzu və istəkləri ilə nəfəs alır. Bu mühitdəki yaşam tərzində baş verən olaylara öz prizmasından baxır, Şərqin min illərdən bəri özünü doğruldan milli-mənəvi dəyərlərinə üstünlük verir. İradə xanım xanımlara örnəkdir, onu hamıya sevdirən – ürəkdən gələn istəkdir.

Əldən-ələ gəzən hər bir kitabında, “Dodo” qəzetinin hər bir sətrində Dodo xanımın barmaqlarının izi, gözünün nuru qalıb. Cənnətin zəvvarları, Vətənimizin xilaskarları – şəhidlərin qəhrəmanlığı qiyməti bir tarixdir, tarixi isə zaman yaşadır. 

Yeni qəzet doğuldu

Bəs sözün sehrinə düşən, onun cazibəsindən çıxa bilməyən, söz xəzinəsinə baş vuran İradə xanım Məlikova ötən illərdə nə itirdi, nə qazandı? İradə xanım deyir ki, ötən illər geri qayıdan deyil. Onun qazancı isə müqəddəs qələmi ilə yazdığı yadigarlar olub. Tərcüməçi-müxbir kimi fəaliyyəti onu qane etmədi. İnternetlə işləməyi, qəzetə rəhbərliyin necə olmasını, tərtibat işini öyrəndi.

 

2017-ci ilin may ayından “Dodo” (talış dilində ana-bacı deməkdir) adlı qəzet təsis etdi və baş redaktor oldu. “Azərbaycan” Nəşriyyatında otaq aldı, redaksiyanı formalaşdırdı. Rayonlara, qəsəbələrə, kəndlərə yollandı, müxtəlif tədbirlərin iştirakçısı oldu. Öz ətrafına fəal qələm sahiblərini topladı, talışların dilini, folklorunu, etnoqrafiyasını, adət-ənənəsini, mahnılarını, ədəbiyyatını bilənlərə qəzetdə meydan açıldı. “Dodo” qəzetinin ilk sayı 22 iyul 2017-ci ildə işıq üzü görəndə, sanki baş redaktor İradə xanımın yeni bir övladı dünyaya gəldi!

O, həm də naşirdir!

İradə xanım qəzet redaktoruna məxsus tükənməz enerjiyə, yüksək erudisiyaya, möhkəm yaddaşa və iti zəkaya malikdir. “Dodo” qəzeti nəşrə başladığı vaxtdan indiyədək, yəni 6 iyul 2017-ci il tarixindən 2025-ci ilin iyul ayınadək, 97 sayı oxuculara təqdim edilmişdir. O, nəşriyyat imkanlarını genişləndirmək üçün “Dodo” MMC yaratmış, ilk növbədə öz kitablarını bu imza ilə çap etdirməyə başlamışdır.

Nəşr edilmiş “Dodo” qəzetinin VIII cilddən ibarət kitabları nəfis şəkildə çap olunmuşdur. Bu, bir salnamədir. AMEA-nın Folklor İnstitutu “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” (11 xalqın dilində, 2016), “Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları” (15 xalqın dilində, 2018), “Yolon sıxanon” – talış dilində (atalar sözləri) kitabı (2018), azsaylı xalqların folkloru silsiləsindən “Talış folkloru” IV seriya kitabı (iki dildə, 2019) nəşr etmişdir.

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar talış xalqının böyük rəhbərə olan dərin hörmət və ehtiramını, məhəbbətini, onun dahiliyini ifadə edən “Mən fəxr edirəm ki, azərbaycanlıyam – Az fəxr kardəm ki, Azərboyconijim” (iki dildə, 2023) kitabı Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmişdir.

 

Eyni zamanda, İradə xanımın çoxillik yaradıcı zəkasının məhsulu olan “Birlikdə düşünək” (Azərbaycan və talış dillərində) kitabında məqalələri, analitik yazıları, ictimai əhəmiyyət kəsb edən təklifləri, müsahibələri geniş şəkildə əksini tapmışdır. Bu siyahını daha da genişləndirmək olar.

Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində İradə xanım Məlikova ilə polemik söhbət edirik. O deyir ki, hər hansı bir xalqın böyüklüyü, qədim tarixi onun top-tüfəngi, qoşun sayı, pul-parası ilə deyil; tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, tolerantlığı, alimləri və tanınmış şəxsiyyətləri ilə ölçülür.

Elə məhz İradə xanım da xalqın yaşaması, dövlətçiliyin və müstəqilliyimizin qorunması, mənəvi dəyərlərin dəstəklənməsi, xalqların xoşbəxtliyi, ölkənin dünyada söz sahibi olması üçün var gücünü, bilik və bacarığını, parlaq zəkasını, jurnalist istedadını əsirgəmir.

Var olsun belə düşüncə, zəka sahibi, geniş ürəkli, talış gözəli!

 

İdris Şükürlü
Azərbaycanın Əməkdar jurnalisti,
yazıçı-publisist