Sabir Zəkullaoğlu : - Mən əslən Ərdəbildınəm...

Mən əslən Ərdəbildınəm. Əcirli tayfasından.
Sabir Rüfüzadənin "Muğan Tarixi - əcirli tayfası" kitabında bu barədə geniş məlumat var.
Şah babam Xətainin həmyerlisiyəm.
Sovetlər dağılanda mən də cənubu Azərbaycandakı famillərimi axtarıb tapmaq üçün İranın Parsabad şəhərinə yollandım.
Niyə Parsabad? Çünki əvvəlki araşdırmalarım mənə müəyyən ipucuları vermişdi. Zənnim məni aldatmamışdı. Çox asanlıqla axtardığım ünvanı tapa bildim. Bəlkə də o torpaqda olan, yaşayan və dünyasını dəyişmiş famillərimin ruhu məni asanlıqla çəkib apardı o ünvana. Zatən mən ağılla yox hisslə davranan adamam. Ağlımın sözünə baxan adam olsaydım indi ən azı vergilər nazirliyinin əməkdaşı idim. Çünki o vaxtı vergilər naziri olan dostumuzun (adını çəkməyim bəlkə də etik olmazdı) mənə təklifləri də olmuşdu. Hətta, yekə çıxmasın mənim üçün məxsusi olaraq əlavə bir ştat da açmışdı. Ancaq başqa planlarımı həyata keçirmək üçün bir müddət Sankt Peterburqa qayıtmalı oldum. Əslində, Sankt Peterburqa məni ağlım yox məhz hisslərim aparmışdı.
Bilmirəm.
Bəlkə doğrusu da elə bu idi. Nə bilmək olar, ola bilsin nazirlikdə işləyəsi olsaydım rüşvət üstə "qurbanlıq keçi" lazım olanda ilk məni tutub basacaqdılar türməyə. Odur ki, mən həmişə olanıma şükür etməklə təsəlli tapıram.
Qayıdaq Parsabada. Burda məni çox isti qarşıladılar. Gəlişimdən kim xəbər tutdusa məni qonaq apardı. Yaddaşıma bir çox şeylər həkk olundu. Cənublu qohumlarımın plovunun ətri bu dəqiqə də burnumdadı. Məncə onlar plova xüsusi xoş ətri olan mənim bilmədiyim bir ədviyyat qatmışdılar. O ətir mənə həmişə Ərdəbili xatırladır. Bir də " nüşabə" adlı bir içkilərinin dadı heç yadımdan çıxmır. Cənubi Azərbaycandakı qohumlarımın ən bərk gedəni Hacı Rəşid idi. Hacı 17 dəfə həccə getmişdi.
Bu günkü hesabla Azərbaycanda həccə getməyin xərciylə müqaisə etsək bir ərəbin qəbrini ziyarət etmək üçün 170 000 min manat pul xərclənmişdi. Hansı ki, yaşadıqları evdə normal yaşamaq üçün heç bir şəraitləri yox idi. Belə baxanda pul var idi. Yaşayış yox idi. Çünki cəmiyyət yeddinci əsr təfəkkürüylə idarə olunurdu. Din onları məhv eləmişdi. Ortalıqda az yaşlı qızlar gözə dəyirdi. Hamısı hamilə. Körpə - körpə qızları ərə vermişdilər.
Təhsildən, savaddan söhbət gedə bilməzdi.
Məlumatları ancaq Məhəmməd, Əli, xüsusilə də Hüseyin haqqında səthi informasiyadan ibarət idi.
Hacı Rəşid yaşlı adam idi. Çoxlu dükanları, hektarlarla torpaq sahəsi var idi. Ümumilikdə orada rastlaşdığım bütün insanların müasir həyatdan geri qaldıqlarını, savad, intellekt, dünyagörüşü baxımından nə qədər piyada olduqlarını gördükcə çox üzüldüm. Təsəvvür edin, söhbət Rusiyadan və ruslardan gedəndə Hacı Rəşid israrla dedi ki:
- Ruslar gecələr görməzlər baba..
Soruşdum:
- Nədən bu fikirdəsiniz?
-Necə ki, toyuq gecə görməz, rus da gecələr görməz baba, çün onların kirpikləri yoxdur, eynən toyuq kimidilər baba.
Bu adam öz dediklərinə həccə getdiyi kimi inanırdı. Ta adam və adamlar bilmirdilər ki, küçədə gəzən sərbazların çiynindəki silah Kalaşnikov, "gecələr gözləri görməyən" rus millətinin elminin məhsuludur. Əlbəttə ki, Mendeleyevdən, Kurçatovdan, Lominodivdan, Tolstoydan, Dostoyevskidən heç danışmağa dəyməz. Mən dinin nə qədər zərərli olduğunu o gün anladım. 36 il bundan əvvəl din onları məhv eləmişdi.
O gün, bu gün ta heç vaxt İrana getmədim.