Nazim Əhmədli  - BU YER ÜZÜ…

Ədəbiyyat 08:35 / 13.08.2025 Baxış sayı: 2102

 

Bir ömür oyun oynadıq,

gedib çıxmadıq məriyə;

yenə düşmüşəm yollara,

gözüm səyriyə-səyriyə;

 

bir az canımda su qalıb,

ötən ömrün tozu qalıb;

məni hansı ilan çalıb,

zəhər çatıb içəriyə;

 

min illərdi bəşər yatıb,

dərd gəlib qarnına çatıb;

şimaldan bəri üz tutub,

buzlar əriyə-əriyə;

 

bu göy üzü yalan deyil,

Tanrı bizə salam deyir;

bu fələk qocalan deyil,

bizi qoyub məsxəriyə;

 

aynaya bax, gör özünü,

aç gözünü, ört üzünü;

bir müddətə Yer üzünü

veriblər bizə kirayə.

 

ayır görüm, günü gündən,

hərə asılıb bir dindən;

bu Yer üzü günü-gündən,

gedir geriyə, geriyə.