Ramiz  Qusarçaylı - Quba daşları

Ədəbiyyat 10:22 / 29.04.2026 Baxış sayı: 144

 

Quba Soyqırımı Memorial Kompleksində düşüncələr

Hər daşda bir haray,

hər daşda bir səs,

Hər səsin altında bir tarix yatır.

Hər daş bir vətəndi,-

Vətən müqəddəs,

Gəz, tanı Vətəni, Vətən övladı!

Bu daşlar bu yurda daş kitabədir,

Min ildi yozulan baş kitabədir!

Qılınclar toqquşub bu daşlar üstə,

Şimşəklər çaxnaşıb bu daşlar üstə,

İnaddı,- silkinib yad daşlarından,

Qanaddı,- islanıb göz yaşlarından,

Bu daşlar Şellidə döyüşüb gəlib,

Bu daşlar Şuşada töyşüyüb gəlib,

Zaman bu daşları sıxıb ovcuna,

Quba bu daşları yığıb ovcuna...

Hər daş bir anadı, ağlayır burda,

Hər daş bir ürəyi dağlayır burda,

Bu daşlar hər biri bir dərddən gəlib,

Bu daşlar Təbrizdən, Dərbənddən gəlib,-

Vətəni Vətənə bağlayır burda!..

Ağlayıb Ağrını, ötüb Qoşqarı,

Varıb Şah düzündən İncəyə kimi.

Döyüşüb Xan kimi Quba daşları,-

Böyüyüb Göyçədən Gəncəyə kimi!..

Qopuzda kükrəyib, udda əridi,

Bir ovuc torpağın dastanı burda.

Bu daşlar bu yurdun qisas yeridir,-

Ruh ruhu çağırır,

qan qanı burda!..

Hər daş sükutunda bir nərə bəslər,

Bu daşlar ərlərin zəfər andıdır,-

Daşlaşan nəfəslər, daşlaşan səslər,

Qaraca Çobanın daş sapandıdır!

Daş-daş çalxalanır bu mənzərələr,

Hər daşda ürək var,

hər daş can var.

Qalacaq daş altda “Qanlı dərələr”,-

Harda ki, Quba var, Azərbaycan var!

Bu daşlar özüylə heyrət daşıdı,

Sənin ocağına, oduna, Vətən!

Bu daşlar daş deyil, qan yaddaşıdı,-

Yazılıb müqəddəs adına, Vətən!..