Əşrəf Veysəlli  -  DÜZ ƏLLİ İLDİR

Ədəbiyyat 09:13 / 29.04.2026 Baxış sayı: 173

 

Bir kasıb komamız, bir mən, bir qarı

Gəlirəm, gedirəm … düz əlli ildir.

Cilvəli könlümün söz bağçasında

Fikir yürüdürəm… düz əlli ildir.

 

Biçdiklərim nədir, əkdiklərim nə?

Güvənə bilmirəm əkdiklərimə.

Gah od götürürəm kipriklərimlə,

Gah qar kürüdürəm… düz əlli ildir.

 

Hanı o gülçöhrə, o nazəndə qız,

Həyat etibarsız, ömür vəfasız.

Qıymıram ki, qala qarımı yalqız,

Ayaq sürüdürəm… düz əlli ildir.

 

Ömrüm bir serçənin, ya quşun ömrü,

Çör- çöpdən bir uuva qurmuşun ömrü.

Yox- yox, polad ömrü, qurğuşun ömrü,

Polad əridirəm… düz əlli ildir.

 

Bizimki olmadı bizim olanlar,

İndi ikimizik evdə qalanlar…

Yenə də ən şirin vədlər, yalanlar…

Uşaq kiridirəm… düz əlli idir.

2023-cü il.