Şakir Xanhüseynli - YANLIŞLIQ
Yanlış yollarda yanlış adamlarla,
yanlış addımlarla yerimək, yürüməkmi...
yanlış işlərə qol qoyub
yanlış fikirlərə düşməkmi,
yanlışlığa öyrəşməkmi...
bilmirəm dünən, ya bu gün yanlış,
yalan danışmazsan, amma
özünü yalana inandırmağın yanlış...
olur, öz qapını açdığın zaman,
yanlış yerə
gəldiyini sanırsan.
kiməsə
sayğı-sevgiylə baxırsan yanlışlıqla,
bəzən əl də sıxırsan yanlışlıqla...
ya yıxılanda da
yanlış bir yerdən tutmaqmı
və bir təhər ayağa qalxıb
yenə yola
yanlışlıqla davam etməkmi;
yanlışdı, yanlış...
bir də həyatında kim yanılmamış;
sən
yanlış da bir naxışdı deyib
keçdin elə üstündən...