Məmməd Qədir - Şahıdı

Ədəbiyyat 11:13 / 29.04.2026 Baxış sayı: 134

 

Rayihənə, ətirinə az öyün,

Mənim gülüm çiçəklərin şahıdı.

Ən ətirli çiçəyidi yer-göyün,

Gözəllərin, göyçəklərin şahıdı.

 

Onu öyən dil tutulur, lal danış,

Gözlərindən ürəyini al, danış,

Sizə gözəl görünənlər aldanış,

Haqq qoxulum gerçəklərin şahıdı.

 

Sönənlərə öz hüsnündən od verər,

Ölü ruha həyat çilər, dad verər,

Bir kəpənək təmasından çat verər,

İncələrin, kövrəklərin şahıdı.

 

Aşiqlərin, işıqların yoludu,

Məhəbbətlə, mərhəmətlə doludu,

Göy üzündə bir Allahın quludu,

Yer üzündə mələklərin şahıdı.

 

Xeyri yoxdu xəstə ruhu yar, adam,

Şəfa buldum yar vurduğu yaradan,

Tövbə-tövbə, bağışlasın Yaradan,

Lələklərin, fələklərin şahıdı.

Tükənməzmiş eşq süzülən quyu, bil,

Sən dərdini sevən qəlbin toyu bil,

Diz çökməkdən qısalıbdı boyu, bil,

Məmməd sevən ürəklərin şahıdı.