Ağamir Cavad : - TƏZYİQ

Ədəbiyyat 15:23 / 27.07.2025 Baxış sayı: 899

 

Ətalət üstündə dolanır cahan,

Yerlərin, göylərin avarı təzyiq.

Yayın qızmarında yenə qızıb qan,

Az qalıb partlada damarı təzyiq.

 

Sevgisiz ürək də dolmaq istəmir,

Eşqin nəğməsini çalmaq istəmir.

Həyat orta həddə qalmaq istəmir,

Aşağı təzyiqdir, yuxarı təzyiq.

 

Bilinmir dünyanın nədir dəvası,

Gah acı, gah şirin olur havası.

Aranın bürküsü, dağın səfası,

Dənizin, dəryanın buxarı təzyiq.

 

Başımız üstündə od ələyir Gün,

Kölgədə pozuruq taleyin əmrin.

Xeyiri şərinə qarışıb ömrün,

Gəliri təzyiqdir, çıxarı təzyiq.

 

Yaşamaq eşqiylə açmışıq qanad,

Arzu yollarında ömür narahat...

Bizi havasında oynadır həyat,

Əvvəli təzyiqdir, axırı təzyiq.