Vahid Aslan - Anamın zəngi

Telefonum çağırır,
Monitora baxıram,
Zəng edən listəsində
Adın yazılıb anam,
Adına da qurbanam,
Zənginə də qurbanam;
Səsin bir məlhəm kimi
Axır damarlarıma...
Dönüb uşaq oluram
Anamla danışanda,
Dilim də şirinləşir,
Sözüm də şeirləşir
Anamla danışanda...
- Şəhər çoxmu istidi?
Yollar çoxmu tıxacdı?..
Səni yuxuda gördüm,
Gecə yuxum da qaçdı...
- Ay ana, mən yaxşıyam!
Səsim kövrəlir bu an...
Anam bir də soruşur:
- Yenə gecmi yatırsan?
Yaxşımı dincəlirsən?..
Bilirəm ən axırda
Anam soruşacaq ki:
- Kəndə nə vaxt gəlirsən?
26.07.2025