Coşqun Xəliloğlu : - BAŞQADIR

Ədəbiyyat 19:00 / 27.07.2025 Baxış sayı: 5600

 

Düzün saydığı başqa

Kələyinki başqadır.

Sən nə sayırsansa, say,

Fələyinki başqadı.

 

Ağıl deyildi yaşda,

O, olmayır hər başda.

Xəlbirin gözü başqa,

Ələyinki başqadı.

 

Dünyanın min sirri var,

Tilsimi var, sehri var.

Hərənin öz yeri var,

Zirəyinki başqadı.

 

Ağac verəndə ilk bar,

Çox şirin olur nübar,

Hər təamın dadı var,

Çörəyinki başqadı.

 

Coşqun, sonda sorğu var,

Həyəcan var, qorxu var,

Canda neçə ağrı var,

Ürəyinki başqadı.

23.07.25.