Vasif Süleyman : - NƏYİMƏ LAZIMSAN MƏNİM AY ŞEİR....

Ədəbiyyat 08:48 / 18.05.2024 Baxış sayı: 1553

 

O qız özgəsinin fikrini çəkir,

Nəyimə lazımsan, mənim ay şeir

Səməd QARAÇÖP

 

Ömürdə sonuncu ana bənzəyir,

Sadağa verdiyim cana bənzəyir.

Narın göz yaşınnan sıxıram onu,

Di gəl, ağ vərəqdə qana bənzəyir -

“Nəyimə lazımsan, mənim ay şeir”…

 

Daşıdın varımı-yoxumu, neynim,

Apardın ruhumun çoxunu, neynim.

Bir qızın eşqinə yazırdım səni,

O da yazdığımı oxumur, neynim -

“Nəyimə lazımsan, mənim ay şeir”…

 

Dərdi gəlişindən tanıyıram mən,

Bəxtə düşən bəxti qınayıram mən.

Son dəfə, son dəfə şairliyimi,

Sonuncu şeirdə sınayıram mən -

“Nəyimə lazımsan, mənim ay şeir”…