Əlirza HƏSRƏT : - QOCA MÜƏLLİM

Ədəbiyyat 11:44 / 16.09.2025 Baxış sayı: 4069

 

 

(Ömürlərinin ən gözəl vaxtında təqaüdə məcburi göndərilən müəllimlərimizin şərəfinə)

 

Əlləri qoynunda,gözləri yolda,

Dalıb xəyallara qoca müəllim

Sinif otağıtək sənin üzünə,-

Açıqdır hər qapı-baca,müəllim.

 

Hər şagird saldığın cığırın,izin,

Əyilməz qamətin,bükülməz dizin.

Bilik bayrağısan Yer kürəmizin,

Yerin hər məkandan uca müəllim.

 

Elə bil son zəngdir çəkdiyin hər ah,

Məktəb illərinə aparır pənah.

Hamının gözündə sən qəhraman şah,

Dönmüşük başında taca,müəllim.

 

Sən dağsan,zirvəndə duman,qarıq biz,

Sən varsan,hər yanda demək varıq biz.

Dərsində səs salan uşaqlarıq biz,

Biz səndən ayrılaq necə,müəllim?

 

Sərhəd dirəyinə tel arxalanır,

Çəkdiyin hər arxa sel arxalanır.

Vətən arxalanır,el arxalanır,

Səndən aldığımız gücə,müəllim.