Əli Şirin Şükürlü- Substansiya   

Gündəm 18:31 / 01.09.2025 Baxış sayı: 9733

               Ədəbi suprematizm:

           Substansiya              

              (şeir-esse)                                     Vəfatından sonra qələmə aldığım ilk bədii mətni

                                                                         ədəbi biliyinə və istedadına hörmətlə yanaşdığım,

                                                                         şair dostum Kəramətin xatirəsinə ithaf edirəm.  

   

      Dalğalar  və dalğanın  səsi. Oyanır yaddaşım:

      Hər şeyin bir əsası var. Kainatın təsadüfən yaranma ehtimalı

      sıfıra yaxın.

 

      Hər şeyin yaddaşı var həm də, oyada bilsən əgər.

      Yaddaş – üst-üstə yığılmış keçmiş və

       hər keşmiş sonrakının indisi;

       bir-birinin içində, ayrılması müşkül.

 

       Onunçun deyirəm: dünyanın da yaddaşı var,

       həm də altyaddaşı, üstyaddaşı həm də.

       Dəniz yaddaşı dünyanın, daha doğrusu, yaddaşının bir parçası,

       səma və torpaq kimi. Amma dəniz, məncə, daha şəffaf qoruyar

       hadisələri - unudulan və unudulmayan,

       nə vaxtsa xatırlanması mümkün, bəlkə də mümkünsüz.  

 

       Dalğanın səsi. Təsəvvür edin və ya xatırlayın bu,

       cürbəcür səslərin harmoniyası.

       Onunçun deyirəm dəniz yaddaşıdı dünyanın,

       yaddaşın altqatıdı amma, oyansa... Məsələn:

      14-cü əsrdə qasırğa nəticəsində dənizə hopan Bayıl qəsri –

      bilinən və bilinməyən nələr gizlənib yaddaşın altqatında.

 

      Dalğa və səs. Cürbəcür səs harmoniyası ilə dönə-dönə çırpılar sahilə.

      İndi yaddaşa çevrilən torpaq. Üstündə yüzillərin Qız qalası – nə vaxtsa

      gün kimi aydın həqiqətin indi bizə çatan cürbəcür taixi versiyası.

 

      Dalğa(lar) – səslərin harmoniyası. Yaddaşın üst qatında səma.

      İşığı indi bizə çatan dənizdə ikiölçülü təsviri üzən ulduzlar

      həmin ulduzlar deyil bəlkə, bəlkə də özüdür seyr edirik uzaqdan

      hər biri bir dünya.

 

      Onunçun deyirəm: var olan nə varsa “toplanmış keçmiş”.

      Yaddaşa köçən yalnız yaşanan hadisələr, bəlkə ona görədir 

       zamanın gerçək üzü keçmişdir elə.

 

      Dalğalar çırpılır sahilə və qayıdır geri.

      Bəlkə bu kainat özü yaddaşdı elə; neçə-neçə qatı, hər biri bir dünya –

      səma, torpaq, dəniz...  şəklində, bəlkə də başqa ölçü və formalarda –

      xatırlanması mümkün və mümkünsüz hadisələrlə dolu. 

 

      Dalğalar. Səslərin harmoniyası. Çırpılır sahilə. Geri dönür.

      Və elə hey gəlir-gedir. Yaşanan hər an süzülür keçmişə.   

                    

                                 ... – 01.09.2025