Əbülfət Mədətoğlu  : - Bir yarpaq etiraf...

Ədəbiyyat 14:15 / 02.08.2025 Baxış sayı: 2961

 

 

İstəmirəm oba bilsin, el bilsin

Nə gün, həftə, nə ay, nə də il bilsin !

Ad çəkmirəm dodaq bilsin, dil bilsin -

Halalımsan, halalımsan, halalım!..

 

Çiçəklərin ən gözəli, zərifi

Haqq veribdi , sən çiçəyə tərifi...

Həyatımın, adımın baş hərifi -

Hər anımsan, hər anımsan, hər anım!..

 

Gözüm çəkən yol saçından qısadı,

Dodalarım öpüş üçün susadı...

Ay ömrümün yaranışdan busatı -

Halalımsan, halalımsan, halalım!

 

Heç kim bilmir haram, necə ağrıyır

Gündüz susur, ancaq gecə ağrıyır!

Bir olana, bir də heçə , ağrıyır -

Bəlalımsan, bəlalımsan, bəlalım!..

 

Yaranışdan Təkdi, Birdi, Vahid O

Həm Yaradan, həmi də ki, Şahid O!

Seçib məni yer üzündə zahid , O -

Sənsə mənim halalımsan, halalım!..