Coşqun Xəliloğlu: - DOST XƏYANƏTİ

YAZARLAR 09:48 / 24.01.2025 Baxış sayı: 7930

 

 

(HEKAYƏ)

Dostumla dənizin sahilində gəzirdik. Birdən Niyaz dedi, oturaq, bir siqaret çəkək.

Siqareti az-az çəkirəm, daha doğrusu, təzə-təzə öyrənməyə başlamışam. Niyazla nə vaxt gəzməyə çıxıram, mütləq məni siqaretə “qonaq” edir. Əvvəllər etiraz edirdim, indi isə təklifə “yox” deyə bilmirəm.

Çinar ağacının altındakı oturacaqda əyləşdik. Hərəmiz bir siqaret alışdırıb qoyduq damağımıza, acı tüstünü ləzzətlə ciyərimizə çəkməyə başladıq.

-Əyləşmək olar?- beli bir az bükülmüş, üz-gözü qırışmış 60-65 yaşlarında bir kişi yanımızdakı boş yerə işarə edərək soruşdu.

-Buyurun əmi, əlbəttə olar.

-Neftçilər məhləsindənsiniz?- o, mənim üzümə baxaraq mehribanlıqla soruşdu.

-Bəli.

-Nə gözəl... Mənim dostum da orada yaşayır, adı Qüdrətdir.

-Hə, Qüdrət əmini tanıyırıq, qonşumuzdur, yaxşı adamdır.

-Sinif yoldaşı olmuşuq.

-Əmi, amma o, deyəsən Sizdən cavandır?

Qüdrət əmi təzə tanışımızdan ən azı 7-8 yaş kiçik görünürdü.

-Yox, əslində mən ondan 6 ay kiçiyəm. On il bir sinifdə oxumuşuq. Məni tez qocaldan siqaret oldu.

Niyaz səbrsizliklə:

-Siqaret nədir ki, adamı belə qocaltsın. Əksinə, siqaret çəkəndə adamın beyni dincəlir, gərginlikdən, stressdən uzaq olur,- özünü çoxbilmiş kimi göstərməyə çalışdı.

-Əgər vaxtınız varsa, qulaq asın, sizə “siqaretin faydası”ndan danışım, -özü də öz şəxsi təcrübəmə əsasən. İnanmazsınız, mən siqaretlə tanışlığa başlayanda heç 9 yaşım da yox idi. Kənddə yaşayırdıq. İkinci sinfi qurtarıb yay tətilinə buraxıldıq. Bir neçə gün sonra məktəbimizin təmirinə başladılar. Məktəbə yaxın yaşadığımız-dan hər gün qonşu uşaqlarla birlikdə inşaatçıların yanına gedirdik. Onların əksəriyyəti cavan idi. Həm də mehriban insanlar idilər. Tez bir zamanda bir-birimizlə isinişdik.

Kənddə hamının bağçası mer-meyvəylə doluydu - ərik, gilas, alça, gavalı.. nə qədər yığrsan yığ, kimə pay verirsən, ver. Bir gün nənəm dedi ki, -ay bala, yazıqdrılar, səhərdən axşama kimi işləyirlər ki, məktəbiniz vaxtında təmir olunsun. Allaha da xoş gedər. Bu mer-meyvədən yığın, aparın verin onlara. Təklif ürəyimcə oldu. Hər meyvədən bir az dərib apardım məktəbə. Təmirçilər həvəslə işləyirdilər.

-Əmi, sizə meyvə gətirmişəm.

-Sənə də qurban olum, meyvələrinə də - uzunboy, qıvrımsaç, Xanlar adlı cavan oğlan səbəti əlimdən aldı.

-Əlinizi saxlayın, Əli dostumuz bizə pay gətirib.

Ustalar meyvələrdən götürüb yeməyə başladılar. Tez bir vaxtda səbət boşaldı. Mənə təşəkkür etdilər.

Xanlar siqaret yandırıb damağına qoydu. Birdən nə fikirləşdisə:

-Əli, bəlkə, sənə də birin?

Cavabımı gözləmədən ikinci papirosu yandırıb mənə verdi. Bir az tərəddüd etsəm də qoydum damağıma.

Hər gün meyvə yığıb təmirçilərə aparırdım və hər dəfə bir siqaretlə mükafatlanır-dım.

Avqustun axırında dostlarım işlərini bitirib getdilər. Elə onlardan ayrıldığım günün sabahı darıxmağa başladım. Əlbəttə, onlara görə yox, siqaretə görə. Nə edəcəyimi bilmirdim. Kiminsə görəcəyindən qorxsam da getdim evimizdən bir az aralıdakı zibilliyi eşələməyə. İki dənə yarısı çəkilməmiş papiros kötüyü tapdım. Birini yandırıb başladım çəkməyə.

Məktəb açıldı. Elə birinci gün məktəbdə gizlincə siqaret çəkən uşaqlarla dostlaşdım. Tez-tez dərsə gecikir, sinifdə fikrimi toplaya bilmirdim. Çox keçmədən sinfin ən pis oxuyan şagirdlərdən birinə çevrildim. Müəllimimiz də mənim siqaret çəkdiyimə və pis oxuduğuma görə atamı məktəbə çağırdı. O da mənim hərəkətimə görə çox pis oldu. Atam müəllimə söz verdi ki, mənə nəzarəti artıracaq və mən özümü düzəldəcəyəm.

Atam rayon mərkəzində tikinti idarəsində bənna işləyirdi. Səhər obaşdan evdən çıxır, gecələr evə qayıdırdı.

Məndən böyük üç qardaşım, bir bacım var idi. Onların hamısı yaxşı oxuyurdu. Hətta, o vaxt doqquzuncu sinifdə oxuyan bacım riyaziyyat fənni üzrə keçirilən olimpiadada rayon birincisi olmuşdu.

-Uşaqlar, sizi yormuram ki?

-Yox, əmi, çox maraqlı danışırsınız – mən cavab verdim.

-Dərsdən sonra evə qayıdanda əvvəlcə anamla rastlaşdım. Üzünə kədər çökmüşdü, elə yorğun, qəmli görünürdü ki... Bir anlıq atamın məktəbə çağırıldığını unudaraq:

-Ana, nəsə olub? – soruşdum.

-Ay bala, bundan artıq nə olacaq? Atana məni yaxşı danlatdın.

Həyatda bəlkə də ilk dəfə peşmanlıq hissi keçirdim.

-Ana, söz verirəm ki, bir də siqaret çəkməyəcəyəm, dərslərimi yaxşı oxuyacağam.

Həmin gecə atamın gözünə görünmədim. Evdə heç kimin üzünə baxa bilmədim. Gecə də çox narahat yatdım.

Bir müddət siqaret çəkmədim, dərslərimi də yaxşı oxumağa başladım.

Artıq yeddinci sinifdə oxuyurdum. İstirahət günlərinin birində məndən iki yaş böyük qonşumuz Zamanla rastlaşdım. Damağında siqaret var idi.

-Çəkirsən?-soruşdu.

-Olsa, çəkərəm- “Yox.”- deyə bilmədim.

Siqareti çəkdik, indi də izah edə edə bilmədiyim qəribə hisslər keçirməyə başladım. Orta məktəbi birtəhər bitirdim. Bacım və qardaşlarımın hamısı ali təhsil alsalar da mən texniki peşə məktəbinin diplomuyla kifayətləndim. Düzdür, seçdiyim qaynaqçı peşəsi məni heç vaxt çörəksiz qoymadı, əsgərlikdə də köməyimə çatdı. Amma siqaretdən ayrıla bilmədim. Bəzən iki qutu siqaret çəkirdim. Siqaretə aludəçiliyim heç vaxt yaxın ətrafımda yaxşı qarşılanmadı. Atamın danlağına, böyük qardaşımın məzəmmətinə, qohum-əqrəbanın rişxəndinə fikir vermədən siqaretdən ayrılmaq fikrim yox idi. Qazancımın bir hissəsini bu zəhərə verirdim. Hesablamı¬şam, həmin pulu yığsaydım, iki otaqlı ev ala bilərdim. Evlənəndən sonra həyat yoldaşımla dəfələrlə siqaretə görə mübahisəmiz olurdu. Mən hər vəcdlə özümü haqlı sanırdım. “Mən evin kişisiyəm, özüm bilərəm. Pulu mən qazanıram, sənin pulunla çəkmirəm ki...” Yazıq arvad haqsızlığıma dözmək məcburiyyətində qalırdı.

Uzun illər çəkdiyim siqaret orqanizmimə ciddi təsir etsə də büruzə verməməyə çalışırdım. Lakin bir dəfə çətinliklə nəfəs aldığımı hiss etdim. Ayaqlarım bərk ağrı-ma¬ğa başlamışdı. Öskürək də başladı, kəsmək bilmirdi.

Həkimə getməyi sevməsəm də səhhətimin gündən-günə pisləşməsi məni xəstəxanaya yollanmağa məcbur etdi.

Məni müayinə etdilər. Daxili orqanlarımdan demək olar ki, salamatı yox idi. Ürəyim yaxşı vurmurdu, öd kisəm qatılaşmışdı, qara ciyərimin ölçüləri dəyişmişdi, ağ ciyərimdə ləkələr, düyünlər yaranmışdı, hətta həkimlər dedilər ki, vaxtında müalicə olunmasan xərçəngə çevrilə bilər. Böyrəyimdə də ciddi problemlər var idi. Digər analizlərin nəticəsi də vəziyyətimin kəskin pis olduğunu təsdiqləyirdi. İftixar həkim mənə:

-Əli, görürsən, vəziyyətin yaxşı deyil, amma çıxış yolu var. Səbrlə, dözümlə uzun müddət müalicə olunmalısan. Səndə eyni zamanda bir neçə xəstəlik baş qaldırıb, xəstəliklər də həmişə bir-biri ilə dostluq edirlər. Bacardığım qədər səni müalicə etməyə çalışacağam. Amma mən müalicənin əlli faizini edə bilərəm. Əlli faiz isə səndən asılıdır. Sən, siqareti atmalısan, yoxsa çəkdiyimiz əziyyət, xərclədiyin pul boş-boşuna gedəcək, yaşamaq ehtimalın da çox azdır.

-Həkim, mən 40 ildən çoxdur ki, siqaret çəkirəm. İndi onu necə atım?

-Sən, siqaretlə dostluq etmisən. O, isə səninlə dostluq etmədi, sənə xəyanət etdi. Ağsaqqal adamsan, xəyanəti bağışlamaq kişilikdir?

Uşaqlar, həkimin sözləri mənə necə təsir etdisə özümdən asılı olmayaraq:

-Yox, nakişilikdir! -deyəsən, qışqırdım.

Allah mənə güc verdi. İradəmi toplayıb siqareti atdım. Müalicəm uzun çəksə də sağaldım. Məni çox sevən ailəmin, uşaqlarımın yanına qayıtdım. Düz altı ildir ki siqaret çəkmirəm. Özümü yaxşı hiss edirəm, yaxınlarım, doğmalarım da mənə görə çox sevinirlər.

Siqaret məni vaxtından tez qocaltdı. O, sanki lampadır, amma o lampa işıq, nur yox, qaranlıq saçır.

-Uşaqlar, yəqin ki vaxtınızı aldığıma görə məndən inciməzsiniz. Mən istəyirəm ki, hamı mənim timsalımda siqaretin zərərini başa düşsün. Axı, biz bir millətin övladlarıyıq-deyib gülümsündü.

Gözüm Niyaza sataşdı, o da mənə baxdı. Siqaret qutusunu cibindən çıxarıb içində qalmış siqaretlərlə birlikdə əzib zibil qutusuna atdı.

05.01.2025

Bir 1 nəfər, uşaq və papaq şəkili ola bilər