BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...

MƏDƏNİYYƏT 11:25 / 05.05.2024 Baxış sayı: 4028

 

  

Kürü Araz bilir, Bozdağı Diri

Qalıb Cəbrayılda qibləsi, piri.

Sızlaya-sızlaya illərdən bəri,

Bir şair yaşayır Mingəçevirdə...

 

    May  ayının ilk  günlərindən birində  (03.05.2024) Mingəçevir şəhərindəki N.Nərimanov adına Mədəniyyət Evində  29 il qabaq yurd həsrətini yuxarıdakı misraların közərtisində qələmə alan tanınmış şair-publisist İsmayıl İmanzadənin yaradıcılıq günü keçirilib. Oxucularla yanaşı AYB Mingəçevir bölməsində təmsil olunan yazardandan Bəhman Gülövşəli, Namiq Zaman, Elçin Məhərrəm və Nicat Hunalpın da qatıldıqları tədbirdə ustad qələm sahibinin ədəbi yaradıcılığın əks etdirən video-stend nümayiş etdiriləndən sonra, şairin “Cəbrayılda qalan dünyam” adlı şeirinə  mərhum bəstəkar Məlahət Həmidqızının bəstələdiyi mahnı tanınmış müğənni Vüsal Zamanovun ifasında səsləndirilib. Şairin kitablarından ibarət sərgi və manitorda yer alan bir sıra məlumatlar da diqət mərkəzində olub.

   Mədəniyyət evinin məsul işçisi Sevda Təhməzova İsmayıl İmanzadənin həyat və yaradıcılığından, Mingəçevirdə ədəbi aləmin təəşəkkülündə və inkişafındakı xidmətlərindən söz açıb.

   Oxuculardan Xanım Rəcəbli, Amil Fərzəliyev və Kövsər Tağızadə şairin şeirlərindən nümunələr söyləyiblər. Sonrakı məqamlarda şairin yazar həmkarları,- Bəhman Gülövşəli, Namiq Zaman, Elçin Məhərrəm və Nicat Hunalp İsmayıl İmanzadənin şəxsiyyətinə və ədəbi fəaliyyətinə yönəlik dəyərli kəlmələr söylədikləri kim, özlərinin ədəbi yaradıcılıqlarından oxuduqları nümunələrlə də tədbirə qatılanlara  unudulmaz anlar bəxş etməyə nail olublar.

    Sonda çıxış edən İsmayıl İmanzadə 44 günlük II Qarabağ Müharibəsinin yekununda xalqımıza Zəfər sevinci bəxş edənlərə yönəlik ehtiram hissini səmimi kəlmələrlə dilinə gətirib, şəhidlərimizə ulu Tanrıdan rəhmət diləməklə, qazilərimizə cansağlığı arzulayıb. Elə bu ovqatlada bir neçə şeirini oxuyaraq, çıxışının sonunda görüş iştirakçılarına, mədəniyyət evinin direktoru Əliyusif Kazımova, tədbirin təşkilində zəhməti keçənlərə minnətdarlığını bildirmiş, müxtəlif illərdə nəşr olunmuş kitablarını oxuculara bağışlamışdır.

                 Ceyhun Həsənov

         II Qarabağ Müharibəsi iştirakçısı, qazi