Barat Vüsal :- QAĞANIN “AMAN EV”İ...

YAZARLAR 10:33 / 04.06.2024 Baxış sayı: 3685

            Hüseyn Arif-100

            Sözümə  Dövlət Mükafatı Laureatı, hamının “Qağa” dediyi, “Azərbaycan qağası” adlandırdığı xalq şairi Hüseyn  Arifin xalq yazıçısı İsmayıl Şıxlıyla qoşa çəkdirdiyi bir şəkildən başlamaq istəyirəm. Qağamız qocaman yazıçımıza “Qoca”, ölməz yazıçımızsa ona zarafatla “Kafir” deyərmiş. Şair özünün də, dostunun da qüdrətini bir şeirində belə mənalandırıb:

                                                           ...Yanaşı dayanmışıq,

                                                           Biz yanaşı qovrulub,

                                                           Yanaşı da yanmışıq.

                                                           ...Babaları düşünüb,

                                                           Babaları anmışıq!

            H.Arif hər babanı anmazdı, ondan danışmazdı.O, babalardan danışardı ki, atının nalından qığılcım səpələnərdi . “Ceyranı piyada qovub tutardı”, “Kürü bir nəfəsə üzüb keçərdi”. Bu azman kişilər Kürdən 30 km aralıda olan Ceyrançölündəki bir yerdən bir ayağını “Sac dağı”na, digərini “Çoban dağı”na qoyub əyilib Kürdən su içərdilər...

            Bu yazını yaza-yaza hiss edirəm ki, mən də yaxşı nə öyrənmişəmsə həmişə ruhən  yanlarında olduğum, dizlərinin dibini kəsdirdiyim belə kişilərdən, atalardan, babalardan öyrənmişəm, görüb- götürmüşəm.

            Günlərin birində yenə yoldayıq, səfərdəyik. “Babadağı”na çıxmaqdayıq. Axşam üstü olsa da, harda gecələmək sarıdan narahatlığımız yoxdur. Amandayıq, əminlikdəyik. Qarşımızda Qağanın şəninə şeir yazdığı “Aman evi”inin  taybatay, Haqqdan açılmış qapıları görünür və bizi də “Gəlin, siz də qonağım olun!”- deyə içəri çağırır: Şair bu təklifi əvəzsiz qoymur. O evə həsr etdiyi şeirdən misralar deməyə başlayır:

                                               Qədim  Babadağın zirvəsində, tək,

 Bir bina yüksəlir illərdən bəri.

Qopanda fırtına, çaxanda şimşək,

Qaya sinəsini verir irəli.

 

Qara çay daşından hörüyünə bax,

Divarları qalın, özülü dərin.

Qışın çilləsində isti bir ocaq,

Yayın qızmarında sərindən sərin!

 

Sığınır qoynuna azmış  yolçular,

Qüdrətdən yaranmış çıraqdır bu ev.

Qartal da, maral da, özünü salır,

Hamıya həyandır, dayaqdır bu ev!

            Bu şeir H.Arifin ən orijinal və möhtəşəm şeirlərindən biridir. “ Burda qurd quzuyla birgə dincəlir, burda unudulur düşmənçilik də.” Şeirdən bəlli olur ki, şair bir dəfə bir meşəçi dostu və oğlu Ariflə orda gecələyib. Meşəbəyi Qaybalı kişidən soruşub ki: “Bu evin qapısı niyə açıqdı belə?” Meşəçi “ Bura elə müqəddəs yerdi ki, deyib, burda qapıları örtməzlər.” Bu müdrik cavab şairi çox təsirləndiribmiş.

            Özü mənə deyərdi ki, çalış, şeiri bitirəndə kansofkaya fikir ver!

            Özünün həmin şeirdə vurduğu kansofkaya baxın, siz allah!

                                               Bir “Aman evi” var, Babadağda, tək,

                                               Bir “Aman evi” də dünyaya gərək!

                                                           ***

            Məşhur “İstiqlal marşı”nın müəllifi M.Akifin etdiyi bir dua beləymiş:

            “Allahım, mən sənə öz qurtuluşum üçün yox, millətimin qurtuluşu üçün dua edirəm!”

            Səməd Vurğun da vaxtilə həmin ruhda bir dua eyləyibmiş: “Dünyanın son adı qurtuluş olsun!”

            Hüseyn Arifsə o dualara bənzər bir dua edirmiş kimi yazırdı:

                                               Haqdan dönən deyiləm,

                                               Yersiz dinən deyiləm.

                                               Mən sevinən deyiləm,

                                               Yer üzü yasdan çıxıb,

                                               Dünya sevinməyincə!

            Eyni ruhlu şairlər bax, belə olurlar. Babadağındakı “Aman evi”nə sığınaraq oğullaşırlar, atalaşırlar, babalaşırlar!...

                                                           ***

M. Füzuli “Mən şeir yazmıram, əslimi, nəslimi tədqiq edirəm” deyirdi. Dahi mütəfəkkirin bu sözlərini H. Arif də unutmamışdı, öz kredosunu elan etmişdi:

                                   Gecəli, gündüzlü fikrim, niyyətim,

                                    Əslimi, nəslimi öyrənmək oldu.

Şair qağamız yaxşı bilirdi ki, “Başın ucalığı kökün dərinliyi ilə bağlıdır. Kökünü axtaran dərinə gedir”.

                                   Başımız nə qədər yüksəklərdəsə,

                                   Kökümüz o qədər dərinlərdədir.

O da nəinki öz əslini, nəslini tədqiq edir, öyrənirdi, həmçinin  başqalarına da öyrədirdi. Təkcə insanın deyil, qayanın da, daşın da  fikrini çəkirdi, ölümsüzlüyünü istəyirdi. Tövsiyə edirdi:

                                   Qayanı da əriməyə qoymayın,

                                   Neçə qartal məskən salıb qayada!

                                   ...Üşütsə də ayağımı, əlimi,

                                   Əriyəndə acımışam qara da!

deyərək  kimlərinsə, nələrinsə vaxtsız yox olmasını istəmirdi.

            “Kərəm dağı” adlı şeirində ilahi eşq uğrunda yalnız Yanıq Kərəmin yox, bütöv bir xalqın sinəsinə dağ çəkildiyini vurğulayırdı. Kərəmin haqqında olan dastanda dediyi beyti elə-belə  xatırlatmırdı. “Ermənidən müsəlmana yar olmaz, Ağıl məni bitməz işə salıbdı” deyən aşığın (aşiqin!) bu fikrini yada salır, demək istəyirdi ki, Kərəmin başına gələn iş bizi hələ də bitməz işə (işlərə!)  salmaqda davam edir?!

                                                           ***

            Daş abidələr də mövcuddur, saz və söz abidələri də!

            H.Arifin yaratdığı əsərlər, yazdığı şeirlər də saz və söz abidələridir!

            Hüseyn qağa söz yazmaq xətrinə söz yazan, saz çalmaq xətrinə saz çalan şairlərdən deyildi. Onu da hər zaman milli və  umumbəşəri suallar düşündürürdü:

                                               Hərə qalır öz qaydına,

                                               Qaş qaydına, göz qaydına.

                                               Söz qaydına, saz qaydına

                                               Qalan oldumu, oldumu?-

            deyəndə böyük şairimiz necə də haqlıydı! Onun şairciklərdən, şeirbazlardan. boşboğazlardan zəndi-zəhləsi gedirdi. Onlara qoşulanlara acıyırdı, deyirdi ki:

                                               Ey Hüseyn Arif, de həqiqəti,

                                               Səndədir zamanın sözü-söhbəti,

                                               Şairin ağzının dadı,ləzzəti,

                                               Boşboğaz üstünə dinəndə bitir.

            H. Arif yaradıcı adamları yatmamağa, ayıq olmağa çağırırdı. “Gəlin. Koroğluya qayıdaq” devizini ortaya boş yerə atmamışdı, İnanmışdı ki, gücümüz kökümüzə, soyumuza bağlılıqdadır, milli sözümüzün, sazımızın qədrini bilməyimizlə əlaqədardır. Öz uğurları üçün minnətdarlığını belə şərh edirdi:

                                                “Cəngi”yə, “Qaraçı”ya,

                                               “Müxəmməs”ə borcluyam.

                                               Babalar dünyasından

                                               Gələn səsə borcluyam!

            Bu müqəddəs borcdan yazıb-pozduğu üçün biz də ona borcluyuq!

            Özündən əvvəlki ucaları, ustadları,  ehtiramla yad etməsəydi, onu kim “qağa” çağırardı? Kim onun özünü “Azərbaycan qağası” sayardı? Əgər bu qağa hər sözündə, misrasında, ən əsası, bağrının başında babaları, obaları, elləri ehtiram hissiylə yaşatmasaydı, bu qədər ümumxalq məhəbbəti qazana bilərdimi, deyə bilərdimi:

                                               Əyilməz başımı hazıram, əyim,

                                               Dədələr önündə sənət eşqinə.

                                               Saz dedim, söz dedim, Azərbaycana,

                                               Əbədi ehtiram, hörmət eşqinə!

                                                           ***

            “Ey Füzuli, sil gözünün yaşını, sən ağladın, indi növbə mənimdir” misralarının müəllifi də bizim qağamızdır. Onun da çəkmədiyi bir  dərdmi, azarmı olub? Görmədiyi  bəlamı olub? Almadığı yaramı olub? Baharda  baharsız qalmadığı vaxtmı olub,demədiyi günmü olub:

                                               Açıb novruzgülü, görə bilmirəm,

                                               Hüseyn Arifin baharına bax!-

            O qədər həssasdı ki,(o qədər dərdliydi ki! ) yazmaya bilərdimi:”Mən necə nigaran olmaya billəm, nədən nigarandı dağlar, bilməsəm!”

            Hüseyn Arif qədər təbiət vurğunu, yollar yorğunu çox  güman ki,  az olub. Ömründə dinclik nə olduğunu bilməyib. Evindən çox, dağda-daşda qalıb,  gecələyibdi. Dincələndə özü yazdığı kimi, səfərdə olanda “Bənövşənin  halını soranda, yazıb yaradanda,  quranda” dincəlibdi.

                                                           ***

            Əslində heç kim bir-birini tam olaraq yaxşı  tanımır.Bu həqiqəti də yaxşı bildiyi üçün qağa təəssüflənib yazmışdı:”Hayıf bizə, gec tanıdıq biz bizi!”

            Hüseyn Arif  hansı səhvimiz üstdəsə , bəlkə də bizi  bağışlardı.Ancaq babaları tanımayanları heç vaxt əfv etməzdi.O, babaların, nənələrin özləriylə bahəm qəbir daşlarına da düzgün  qiymət verməyimizi istəyirdi. Çox doğru söyləyirdi ki:

                                                           Babalar, nənələr  uyuyan yerdə

                                                           Hər qəbir daşı da bir  abidədir!

            Niyə xalq bu qədər Hüseyn Arifə hörmət eyləyir, sevgi bəsləyirdi?

            Hüseyn Arif həm təbiətə, həm cəmiyyətə, həm  özünə, həm sözünə hörmət eyləyən sənətkarlardan idi. Haqlı olaraq buyururdu ki, “Hamı sənətkara hörmət eyləyər, sənətkar özünə hörmət eyləsə!”

                                                           ***

            Hüseyn Arifin ən nisgilli şeirlərindən biri “Xəbəri yoxdu ki” şeiridir.

            Anası yuxusunda ondan Arifi soruşur, “Arif yaxşıdırmı?” deyir. Şair bilmir ki, nə cavab versin. Ariflə xəyali söhbətində bildirir:” Səni soruşmağa gəlmişdi anam, xəbəri yoxdu ki, sən yanındasan.”

            Bu nisgili başqa bir şeirində belə tamamlanır:

                                                           Hüseynəm, üfüqlərlə  tən gedəm,

                                                           Saçlarımda qırov gedəm, çən gedəm

                                                           Mən istərdim Arif qala, mən gedəm,

                                                           Yatan dura, duran yata yerində!

                                                           ***

            H.Arif əsl gələcəyimizin keçmişimiz olduğunu şeirlərində, poemalarında  (“Dağ kəndi”, “Örənqala” ) unudulmağa qoymurdu. O kəndlərdən birinin “Palıdlı”, digərinin “ Yarpızlı”, başqa birinin “ Çisginli”, “Çörəkli” adının itməyinə dözmürdü. Qıratın da, Düratın da doğma Ağstafa şəhərində adına  küçə olmasını arzulayırdı.  İstəyirdi ki, “Dağ  kəndləri dağılmasın,  şəhərlərə yığılmasın!”

             Böyük vətəndaş şair mövqeyini, məramını, məqsədini belə açıqlayırdı:

                                                           Mən Qazağın bir daşını,

                                                           Yüz Ağ evə dəyişmərəm.

            Bu misralar öz mayasını hardan almışdı? Əlbəttə ki, “ Sevirəm Tiflisi, sevirəm, ancaq, öləndə Qazaxda götürün məni” misralarından!

            Diqqətli oxucular bilirlər ki,şair Qazaxda (Qazax mahalında) doğulmuşdu.

            1992-ci ildə Ağstafa rayonu yaradılanda hələ orda məscid olmadığından  həmin ilin sentyabrında qağamız vəfat edəndə onun nəşini Qazaxdakı məsciddən yuyub götürdülər. Elədiyi arzu çin oldu, Qazaxdan götürüldü Hüseyn Arif, şair səsi Allaha çatdı!

                                                           ***

            İndiki dövrdə halallığa, saflığa nə qədər ehtiyac var. Məhz belə bir saflığın, halallığın daşıyıcısı olduğu üçün bu gün də, sabah da Hüseyn Arifə, Hüseyn Arif kimi şairlərə böyük ehtiyac var. Bu özü də, sözü də saf insanın təbiətlə bağlı heyrət doğuran silsilə şeirlərini oxuyursan və düşünürsən: Hüseyn Arifmi təbiətdədir, təbiətmi Hüseyn Arifdədir!? Uçulan, dağılan dağlar, daşlar, yollar, yoxuşlarmı, yoxsa şair qəlbidirmi, şair dünyasıdırmı?!

            Təbiətə (şairə!) insanların tutduğu divana baxırsan, az qala özünün də insan olduğuna peşman olursan, yana-yana qalırsan, çünki görürsən ki:

 

                                                           Balalar  açıb ağzını,

                                                           Yuvalar anasız qalıb.

                                                           ...Təbiətin harayına

                                                           Haray çəkən kişi gərək!

            Hüseyn Arif haman kişiydi, haman haraydı. Amma təəssüf ki, onun da səsinə səs verən, haray çəkən çox deyildi.

            Azdı, çox azdı, təbiətin sabahını düşünənlər, şairin gördüyü faciələri görənlər. O faciələrdən birini  gəlin, açıq etiraf edək, Kim H. Arif kimi aşağdakı təbiət faciəsini görə bilib, şəklini  çəkə bilib:

                                                           Lalə  çırağını yandırıb yerin,

                                                           Kiminsə yolunu gözləyir bahar.

                                                           Dırnaq söküyünü boz təpələrin

                                                           Yaşıl iynəsiylə közəyir bahar!

            Şair  müşahidəsinin dəqiqliyinə, özəlliyinə, gözəlliyinə baxın, bir!

            Yağışlı günlərdə qoyun-quzunun yerdə (eləcə də təpələrdə) qalan dırnaq izi paltar söküyünə oxşamırmı? İynəni hardan alasan, sapı hardan tapasan?

            Sən  demə, varmış iynə də, sap da!

            Bahar gələndə yerdən qalxan göy otlar iynəyə oxşamırmı? Və həmin “iynəylə” bahar dırnaq söküyünü yamayırmış, közəyirmiş sanki!  

            Görün necə şair olmalısan ki, dırnaq izini söküyə bənzədəsən, o söküyü közəyəndə baharın yanında olasan, “iynəsi”ni “saplayasan”, yaşıl-yaşıl “sapların” o söküyü- dırnaq izini necə “tikdiyini”- itirdiyini öz gözünlə görəsən!

            Bu şeir deyil, sənət möcüzəsidir. Hər şairdə belə möcüzəvi müşahidə qabiliyyətinə rast gələ bilməzsən!

            Bir daha deyirəm: azdı, çox azdı, Hüseyn Arif kimi şairlər, təbiətin dilini bilənlər, rəsmini çəkənlər. Azdı onun kimi dədə baba izlərinin qədir-qiymətini anlayanlar, deyənlər:

                                                           İzlər dərin, izlər qədim,

                                                           Babaları fikr eylədim.

                                                           Dizimi daşa söykədim,

                                                           Dizim doymadı, doymadı!

            ...Bir səyyah Ceyrançöldə görür ki, yaşı yüzü çoxdan keçmiş bir ağsaqqal çılpaq bir atın belinə sıçramağıyla bir ceyranı yaxalayıb qılıncıyla onu necə iki şaqqaya böldü. Tərəzidə hər iki şaqqanı çəkəndə gördülər ki, hər ikisi eyni gəldi. Bir qram da biri o birindən artıq, əskik gəlmədi.

Səyyah  hara getsə o əhvalatı heyranlıqla danışarmış.

Sözümün canı nədir?

Budur ki, Hüseyn Arif o kişinin  nəslindəndir!

Sərrast misralarıyla!

Alıcı  Qırğı  gözləriylə, sözləriylə!

 

                                               ***

H.Arifi sazsız, sazı Hüseyn Arifsiz təsəvvür etmək olmaz. Bir mənalı şəkildə deyə bilərik: H. Arifin yaratdığı əsərlər, yazdığı şeirlər, poemalar, pyeslər saz və söz abidələridir.

O, Böyük Vətən müharibəsində iştirak etmişdi. Cəbhəyə sazıyla getmişdi. Rus komandiri ondan soruşanda ki: “Bu nədi?”

-Necə nədi? Bu da silahdı!- demişdi.

                                               ***

H.Arifin başına niyə babaların, Koroğlu dəlilərinin, Dədə aşıqların bu qədər cəm olduğunu düşünəndə adama elə gəlir ki, bu da təsadüfi deyil. Puşkinə həsr etdiyi şeir sanırsan ki, elə onun özünə də aiddir:

Kişitək yaşayıb yaratdığından,

Başında kişilər cəm olub sənin!

            Məhz belə bir ustad (belə bir kişi!) hər şairə qismət olmayan bir sərrastlıqla deyə bilərdi, yaza bilərdi:

                                               Şımalda Puşkinə atıldı güllə,                                             

                                               Cənubda Səbuhi qana boyandı!

            ...O qandan bizim qağamızın üstünə də sıçramışdı. Onu tale Dağ kəlinin qanına da boyamışdı.

                                               Kimdir Hüseyn Arif?

                                               Xəbər almaq istəsən,

                                               Dağ kəlini danışdır!

            Dağ kəlini vurmaqda səhv etmişdi. Sonralar ona elə gəlmişdi ki, Dağ kəlini öldürməsəydi, balası da ölməzdi. Oğlunu Dağ kəlinin ahı tutmuşdu.

                                                           ***

            Ağstafa qəbristanlığında Hüseyn Arifin qəbri... Qəbrin bir yanında anası, ömür-gün yoldaşı, oğlu Arif, bir yanında qızları Səhər və Zöhrə.

            Hamısı sükuta gedib.

            Bircə qağa danışır.

            “Ölməmişəm!” deyir. Bir az yorulub yəqin. Bir az yatıb dincəlmək istəyir və demək istəyir:

                                               Ömrü boyu Vətən deyən, xalq deyən,

                                               Sənətkarın yuxusunu pozmayın!

                                                           ***

             Ona hamı “Qağa” deyirdi:

            Öz uşaqları da!

            Dəfələrlə eşitmişəm .Qızı Zöhrə xanım atam yox, “Hüseyn qağam belə dedi, elə dedi” deyəndə. Onun şair qağasının 9 cildliyinə yazdığı ön sözdə deyilir. “Bunu oxuculara görəmi etmişəm, yox! Bunu Hüseyn Qağamın, özümün ağrı-acılarımı azaltmaq, həyatdan, ölümdən intiqam almaq üçün edirəm.”

            P.S. Ad var- kimlik əvəzidir. Hüseyn qağanın adı kimi!

            Ev var- Babadağın başındakı ev kimidir, hamının evidir- “Aman evi” kimi!

            Bütövlükdə Hüseyn Arifin həyatı və yaradıcılığı da haman evdir, haman qaladır. Sanki o, bütün yazdıqlarını “Aman evi”ndə yazıb.

            Axırda özü də (elə sözü də!) haman evə dönüb!?