BAHAR TƏBƏSSÜMLÜ ANLARIN POETİK GÖZƏRTİLƏRİ

MƏDƏNİYYƏT 21:00 / 16.04.2024 Baxış sayı: 5791

(Reportaj)

Adətən, yaradıcılıq günlərində AYB-nin Mingəçevir bölməsinin tez-tez açılıb-örtülən qapısı, günəşin ilıq şüaları ilə isinən pəncərələri bu dəfə də (15.04.2024) yazarların gəlişinə şahidlik edirdi. İlk olaraq bölmə rəhbəri ilə salamlaşıb əyləşən Məmməd Mərzilinin qədəmlərinin sayalı olduğu növbəti dəfə də öz təsdiqini tapır.

Onun gəlişindən sonra Ağabala Salahlı, Rəşid Rəsulov, Dağbəyi Elbəyioğlu, Mehman Rəsulov da gələnlərin sırasına qoşulurlar. Ədəbiyyat sevdalısı kimi illərdən bəri yazarların ehtiramını qazanan Mahir Musa isə, ərklə içəri keçən kimi gətirdiyi gül dəstəsini öz əlləriyə güldana qoyandan sonra, “söz məclisimiz bahar təravətli, yaz ətirli olsun,-deyib, ustad sənətkar Səməd Vurğunun divardan asılan iri portretiylə üzbəüz oturur.

İlk gəlişindən üzü bəri həmişə dilində səslənən dəyərli kəlmələrlə hamıya xoş əhval-ruhiyyə aşılamağı özünə borc bilən tanınmış şair Əhməd Əfsun, bu dəfə də Rəfael Dəmiroğluya birlikdə içəri keçir. Xeyli vaxtdan bəri yazar həmkarlarını əlləri uzalı qoyan Bəsti Bərdəlinin gəlişi ilıq bir təbəssümlə qarşılanır. Bölmə rəhbəri onun nurlu çöhrəsinə işarəylə: “Bəsti ablamız bizim göz müncuğumuzdur, onun hər bir gəlişi uğurlarımızın davamlı olacağından soraq verir, bilirəm, xeyli vaxtdan bəri bir az soyuq qış havasına məxsus qripin çəngidə çabalayırdı. Allaha şükürlər olsun, indiki xoş əhval-ruhiyyəsi üz cizgilərindən boylanan təbəssümündən də hiss olunmaqdadır,-deyərək onunla qucaqlaçıb-öpüşür. Sonra da, üzünü yazarların cahıl və ahıl dostu Ağabala Salahlıya tutaraq: “Kişi, birdən bu sərv boylu xanıma görə məni qısqanarsan ha... Bəsti mənim köhnə-qədim ablamdır!”-deyərək, zarafatından qalmır.

Son iki aydan bəri üzürlü səbəbdən tədbirlərə qatılmayan Eyyub Rəşidov, Namiq Zaman və onların ardınca cavan bir oğlan də içəri keçib əyləşirlər. Nədənsə, çəkinə-çəkinə otağa qədəm qoyan oğlan barədə Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov məlumat verir: - Əfqan Dönməz işlədiyim ali məktəbin iqtisadiyyat fakültəsində I kurs tələbəsidir. Tərtər rayonundan olan bu istedadlı oğlan təzəliklə ilk şeir kitabını nəşr etdirib, Əfqan, yaxşısı budur ki kitabını özün hamıya göstərəsən!-deyərək bayaqdan bəri gizli-aşkar içəridəkiləri nəzərdən keçirən qarayanız oğlana müraciət edir. Əfqan yeniyetmələrə məxsus utancaqlıqla ayağa durub, əlindəki kitabı bölmə rəhbərinin qarşısındakı yazı masasının üstünə qoyaraq yenidən öz yerində əyləşir. Əvvəlcə bölmə rəhbəri, sonra da yazarlar tələbə-şairi təbrik edərək, gənc həmkarlarına bir sıra faydalı nəsihətlər verməyi də özlərinə borc bilirlər...

Bölmə rəhbəri unudulmaz mərhum şair Fəxrəddin Əzizin aprelin 19-da Energetiklər qəsəbəsinin Mədəniyyət Evində keçirilməsi nəzərdə tutulan 70 illik yubiley məclisindən və bu ilin payızında 25 yaşı həm Mingəçevirdə, həm də Bakıda qeyd ediləcək AYB Mingəçevir bölməsinin nəzərdə tutulan silsilə tədbirlərindən söz açıb: - Hə, dostlar, indi də gəlin söz boxçamızda olanları ortaya qoyaq !-deyərək, yazarları həmişə olduğu kimi saat əqrəbi istiqamətində dilləndirir.

Əvvəlcə Bəsti Bərdəli, sonra Ağabala Salahlı, Mahir Musa, Əhməd Əfsun, Rəfael Dəmiroğlu, Namiq Zaman, Elbəyi Dağbəyioğlu, Məmməd Mərzili, İsmayıl İmanzadə çeşidli mövzularda yazdıqları şeirlərlərlə məclisə həzin-kövrək notlar üstə köklənmiş anlar bəxş edirlər...

Misra-misra dil açan bahar təbəssümlü, yaz təravətli şeirlər yaddaşlarda unudulmaz xatirələrə çevrilərək, hamının çöhrəsində öz əksini tapır. Və nəhayət, əzəldən axıra kimi ruhumuzun yaz havası üstə köklənən bir söz məclisi də yaddaşlarda unudulmaz anların nişanəsi kimi iz salaraq sona çatır...

MƏMMƏD SARIYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist