Ayaz Arabaçının ŞEİRLƏRİ
Ayaz Arabaçı 1967-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Arabaçı kəndində anadan olub. Bir neçə şeirlər kitabının müəllifidir.
Aşağıda Ayaz Arabaçının bir neçə şeirini oxuculara təqdim edirik:
● ☆ ☆ ☆
Bir qotur maaşa gözünü dikib,
Üstümdə sağalmaz dərddi, yaradı.
İçini yalandan dərzi ağ tikib,
Cibimin əslində üzü qaradı.
Tikilib qoyulub aldanım deyə,
Adicə astardır, qiyməti yoxdur.
Dost-tanış yanında qürrələnməyə
Cibimin bir tikə qeyrəti yoxdur.
Yükünü daşıyır sanki bir evin,
Qıraqdan çoxunu yandırıb- yaxır.
Üstümə tikilən beş-altı cibin
Hamısı ac-susuz əlimə baxır.
Qalmışam içində buzun, soyuğun,
Əlimi saldıqca qaralır qanım.
Siz Allah, siz deyin, bu boş oyuğun
Durub keşiyində niyə dayanım...
Önümdə hər zaman "yox" kimi dağ var,
Anlaya bilmirəm nədir bu kürlük.
Mən özüm cəhənnəm, arvad, uşaq var,
Cibim oruc tutub puldan ömürlük.
Yəqinki pulkəsən vəfa qılmayıb,
Adımı ad kimi almayıb vecə.
Cibimin alnına pul yazılmayıb,
Nə paltar geyinsəm, boşdur eləcə.
● ☆ ☆ ☆
Baxışların ürəyimə süzülüb,
Köz üstündən köz əmələ gətirir.
Ömrüm-günüm aramızda bircə hərf
Bi kitablıq söz əmələ gətirir.
Azalmasın xəracların, bacların,
Gözü doysun, könlü doysun acların.
Qucağıma dağılanda saçların,
Qollarından saz əmələ gətirir.
İşığını səndən aldı - payladı,
Sənin işin Günəşlədi, Ayladı.
Ayaqların yeriyəndə layladı,
Yerişlərin naz əmələ gətirir.
Bu sevgidən xəbəri yox əllərin,
Ürəyindən qopub gəldin illərin.
Əllərimdə qaraquşdu əllərin,
Gülüşlərin yaz əmələ gətirir.
Gəlib döydün bu qapını nə deyə,
Ay bənzərsiz, ay ziqiymət hədiyyə,
Sənin kimi bir gözəli təbiət
Az yaradır, az əmələ gətirir!
● ☆ ☆ ☆
Çəkiləsi dərd deyil, yazılası dərd deyil,
Gəlib salıb üstümə leşini kasıbçılıq.
Nə vaxtdı hökm eyləyir aramızda iki zər,
"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq.
Həftə səkkiz, mən doqquz üstümə hürüb gedir,
Zülmlə qazandığım ada tüpürüb gedir,
Əlinə nə keçirsə, silib-süpürüb gedir,
Görəndə təmiz görür "işini" kasıbçılıq.
Bir ayağım oddadı, biri də üzür suda,
Başı nəyə qarışıb, bəs nə iş görür Xuda?!
Məndən başqa elə bil bir şey yoxdu menyuda,
Qıcayıbdı üstümə dişini kasıbçılıq.
Gəzirəm küçə-küçə veyil, səfil, sərgərdan,
Yoxfu bu cəbhələrdə məndən böyük sərkərdə...
Atışırıq uzanıb hərəmiz bir səngərdə,
Birini mən atıram, beşini kasıbçılıq.
Nəyin nəyi doğrudu, nəyin nəsi yalandı?
Qoruma gəl girdiyin bu qəfəsi yalandı...
"Ac olub, kişi olmaq" fəlsəfəsi yalandı,
Hər addımda sındırır kişini kasıbçılıq.
● ☆ ☆ ☆
Buza dönən xəyalların
Canı qızmağa yer yoxdu.
Yoxdu, könül dəftərimdə
Sənə yazmağa yer yoxdu.
Kimsə çıxmaz fəryadına,
Mən düşəndə hər yadına,
Dilimdə ölən adına
Qəbir qazmağa yer yoxdu.
İnildəmə köks ötürüb,
Gözlərini yaş götürüb,
Dağılmışda baş götürüb
Gedib azmağa yer yoxdu.
Yığ saçını əklil kimi,
Bir gününü çək il kimi,
Daha səni şəkil kimi
Məndən asmağa yer yoxdu.
Etdin, oldu bu da bir iş,
Ya öl barış, ya qal barış.
Ürəyimdə bircə qarış
Ayaq basmağa yer yoxdu.
● ☆ ☆ ☆
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram.
Sağ deyil könlümün bir qarışı da,
Almıram vecimə qarı, qışı da.
Xətrimi istəyən dost-tanışı da
Özümnən bərabər oda salıram.
Ötüb ayrılığın ilinnən, ötüb,
Bəminnən uzaşıb, zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb
Dağlara-daşlara səda salıram.
Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri, Aralı keçib,
İçində adına ada salıram.
Axşamda-səhərdə tək deyiləm ki,
Ağıda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram.