Ayaz Arabaçı :-Uzaq bir kənddəydim..

Ədəbiyyat 08:35 / 22.08.2025 Baxış sayı: 1943

 

Çoxu boşalmışdı köhnə evlərin,

Burda yetim qamış bir oba gördüm.

Köhnə bir papaqda hörümçək toru,

Divarda toz basmış bir əba gördüm.

 

Sən demə nə varsa bir nağıl imiş,

Sındı qol-qanadım atalar demiş,

Köhlən atlarını canavar yemiş,

Sökülüb-dağılmış araba gördüm..

 

Zəhərə dönmüşdü şəkəri-qəndi..

Sel alıb getmişdi bərəni-bəndi,

Elə bil hamının itmişdi zəndi,

Tamam yad olmuşdu əqrəba gördüm..

 

Sərçələr ötürdü uzaqda tək-tək,

Nə çiçək varıydı, nə bal-nə pətək..

Yoxuydu öpməli bir əl-bir ətək,

Nə nənə qalmışdı, nə baba gördüm..

 

Çinarlar bükmüşdü qədd-qamətini,

Bulaqlar bilmirdi öz qiymətini,

Dağlar itirmişdi əzəmətini,

Hamı qurşanmışdı şəraba,gördüm..

 

Ağrı ürəyimi sordu zəlitək,

Qəfil havalandım durub dəlitək..

Əllər incəlmişdi xanım əlitək,

Nə balta, nə külüng, nə yaba gördüm..

 

Bir anda sovrulub yox oldu illər..

Dözməzdi bu qədər ağrıya fillər..

Harda ki, bayquşa önəm verillər..

Hər zaman oranı xaraba gördüm..