Ayaz Arabaçı - Gün elə bu gündür
Gün elə bu gündür,
bayraq günü.
bu vətəni istəməyən alçaqların
gözünə barmaq günü!.
dilimdə söyüşlər
o qədər maddi vəziyyətini düzəldib,
dirçəlib ki, bəlli ünvanlara.
bütün məsuliyyətimlə tüpürürəm
donmuş vicdanlara.
niyə çəkilmisən qınına,
ey yerkökü, ey bozalaq,
ey cəfəri..
Babəkdi, Koroğludu,
Cavanşirdi mənim misralarımın
hər nəfəri.
gün elə bu gündü-
vətənin südlü döşlərini əmən
qoduqların ağzını cırmaq günü.
gün elə bu gündü,
ürəyini işğal eləyən
qorxunun gözünü qırmaq günü..
bu gün qızıl qanın
qurdların süfrəsində şərbət..
sən o gic-gic
pafoslu bayraq şeirlərini
əzbərləməkdənsə,
yatmış qeyrətini tərpət,
həqiqəti anla.
özünü küncə qoy, hədələ,
tüpür, danla.
nə qədər eşələnəcəksən
çirkab çalasında.
nə qədər gizlənəcəksən dovşan talasında.
bir də deməyəcəyəm bunu,
unutdunmu savaşların oğlu olduğunu..