Ayaz Arabaçı : -  Daşıyıb göyləri kürəklərində

Ədəbiyyat 10:37 / 15.08.2025 Baxış sayı: 2343

Daşıyıb göyləri kürəklərində,

Havanı öpürdü, qucurdu quşlar.

Şəhərin yarımcan küləklərində,

Gözləri yumulu uçurdu quşlar.

Zaman dirənmişdi üzü yoxuşa,

Əqrəblər yerində donub qalırdı.

Quşların dalınca uçmaq istəyən,

Yarpaqlar havada dönüb qalırdı.

Asırdı yellənən paltar ipinə,

Yaşıl koftasını nazlı bir gəlin.

Bağların üstündən keçən sərin meh-

Mənə gətirirdi xatirəsini,

Nə vaxtsa əlimə toxunmuş əlin.

Qəlbim alov-alov körüklənirdi,

Dairə-dairə dönürdü başım.

Şampan şərabıtək köpüklənirdi,

Aşırdı-daşırdı dəli yaddaşım..

Uçurdu quşlarla uzaqda bir səs,

Bəlkə də nə bilim onun səsiydi.

Portağal dadırdı aldığım nəfəs,

Gözlərim elə bil su hövzəsiydi.

Bir az aralıda bir səfil əyyaş,

Dünyanın dərdindən batmışdı yasa.

Əlində başından bir az yeyilmiş,

Dişlənib,didilmiş ucuz kolbasa..

Kim bilir nə üçün bu halda idi,

Qəlbini-ruhunu nələr əzirdi.?..

Otların üstündə beş altı qarğa,

Hücuma keçməyə məqam gəzirdi.

Səfil bir ah çəkdi yuxulu, yorğun,

Kədəri içimi daladı getdi.

Sonra bir it gəldi,durdu yanında,

Kirli saçlarını öpdü oxşadı,

Kirli əllərini yaladı getdi.

Qarğalar qorxmuşdu iti görəndə,

Uçub qonmuşdular iri bir şama.

Dostlardan birinin ad günü idi,

Bir dəvətim vardı üzü axşama.

Osa gözlərini yummuşdu elə,

Çoxdan unudulmuş bir mahnı kimi

Dünyanın yadından çıxıb gedirdi.

Əlydi, Vəliydi,nəydisə adı,

Nəydisə,adından çıxıb gedirdi.

"Getmə" kəlməsini deyən yox idi,

Sevdiyi qadından çıxıb gedirdi..

Çoxdan unudulmuş bir mahnı kimi

Dünyanın yadından çıxıb gedirdi..

Sonra bir dəfə də qayıtdı o it,

Baxdı kolbasaya uzun-uzadı-

İylədi, iylədi, yemədi amma.

Başını çevirdi, mənə nə isə,

Demək istəyirdi,demədi amma..

Adam gülümsədi gözünü açıb,

Bir az ağarmışdı üzünün pası..

İpdə yellənirdi bayaq gəlinin,

Asdığı büzməli yaşıl koftası.