Axirətə gedirəm - Məmməd Qədir
Hardasınız, ay itqapan adamlar,
Bir az küyə, bir az fitə gedirəm.
Bağışlayın, məni tapan adamlar,
Yoxa çıxıb itə-itə gedirəm.
Bölünməsən, şair, nüvən yox imiş,
Bir sirdaşa xalis güvən yox imiş,
Bu həyatda məni sevən yox imiş,
Ölüm adlı bir ifritə gedirəm.
İfrit olsun, əmr budu, sev, gədə,
Allahdandır məhəbbət də, sevgi də,
Dayanacaq tikməyiblər sevgidə,
İlk sevgidən son nifrətə gedirəm.
Baha çıxır, alan yoxdu könlümü,
Ürəyinə salan yoxdu könlümü,
Bir tərəfdən dəryaz çalır ömrümü,
Bir tərəfdən bitə-bitə gedirəm.
Bitənləri bəyənmədi bəy atım,
Dəryaz bəxtim aman vermir boy atım,
Kəşf olmamış məmləkətdi həyatım,
Yox əlimdə son xəritə, gedirəm.
Çox axtardım, mən özümü bulmadım,
Tapmasam da axtarmaqdan qalmadım,
Bu dünyada söz yiyəsi olmadım,
Sözü alıb axirətə gedirəm...