Arzu Hüseyn : - Düşündürən musiqilər – cəhənnəm

Ədəbiyyat 14:49 / 22.08.2025 Baxış sayı: 2482

Düşündürən musiqilər – cəhənnəm,

Ağladığım şeirlərdə var idin.

Mən, bir yanı paralanmış gəzəndə,

Sən özgəyə sirdaş idin, yar idin.

 

İndi nədir bu əlacsız günündə,

Dost kürəyin qalmayıbmı sənin də?

Diləmədim səmalardan ahını,

Yaşananlar qarğış ilə silinməz.

 

De, alanda əlimdən sabahımı,

Bilmirdinmi, sənə də gün görünməz?

İndi nədir bu əlacsız günündə,

Dost kürəyin qalmayıbmı sənin də?

Bu dünyada nə yaşatdın – cəhənnəm.

 

Günahsız da cəzalanarmı belə?

İnandırdın, sevib atdın – cəhənnəm,

Ac ürəyin qan mı istəyir yenə?

Yenə nədir bu əlacsız günündə,

Dost kürəyin qalmayıbmı sənin də?

 

Üz çevirdim qara gözlü dünyadan,

Könül verdim aldanışa, röyaya.

Ətrafımda qalmadı ki bir adam,

Bir də baxdım – Tanrı kimi tənhayam.

Mənim kimi, bu əlacsız günündə,

Dost kürəyin qalmadımı sənin də?..